Yeni nəsil Mercedes-Benz S-Class sedanının ən dəbdəbəli versiyası olan Mercedes-Maybach modelinin təqdimatı iki ay yarımdan sonra baş tutacaqdır. Dəbdəbəli versiyanın ardınca Affalterbaxda fəaliyyət göstərən Mercedes-AMG bölməsi “bərkgedən” S 63e və S 73e modellərini təqdim edəcəkdir.

Yeni nəslin Mercedes-Maybach S-Class modelinin təqdimatının yaxın aylarda keçiriləcəyi gözlənilir. “Autocar” nəşrinin bildirdiyinə görə, Mercedes-Benz şirkəti dəbdəbəli sedanının rəsmi təqdimatını 20 noyabr tarixində keçirilməyi planlaşdırır.
Mercedes-Maybach S-Class modelinin debütü Maybach sedanlarının çox populyar olduğu Çində keçiriləcək Quançjou avtosalonunda baş tutacaqdır. Uzunbazalı dəbdəbəli S-Class modeli 6,0-litrlik V12 biturbo mühərrikini alan yeganə Mercedes avtomobili olacağı məlumdur.

Mercedes-AMG bölməsi əvvəlki kimi, yeni S-Class modelinin iki “bərkgedən” versiyasını hazırlayacaqdır. Hər iki versiya 4,0-litrlik V8 turbomühərriki və elektrik mühərrikindən ibarət olan hibrid güc qurğusunu əldə edəcəkdir.
Hibrid sistem S 63e modelinə əlavə 130 at qüvvəsi bəxş edəcək, qurğunun ümumi hasilatı 700 at qüvvəsi olacaqdır. S 73e modeli isə, ən azı 200 at qüvvəli elektrik mühərriki əldə edəcək, nəticədə hibrid qurğunun ümumi gücü 800 at qüvvəsini keçəcəkdir.
Flaqman sedanının AMG versiyaları 2021-ci ilin ortalarında debüt etməlidirlər.