Son bir neçə il ərzində FAW konserni premium Hongqi (“Qırmızı Bayraq”) brendinin genişlənməsinə böyük sərmayə qoyub. Artıq “Qırmızı Bayrağın” model xəttində bir neçə sedan, çoxlu sayda krossoverlər və hətta çərçivəli iri ofrouder də var. İndi isə, onlara miniven də qatılıb.

Çində minivensiz ötüşmək mümkün deyil: dəbdəbəli minivenlər salondakı genişliyə və digər avtomobillər üçün əlçatmaz olan giriş-çıxış rahatlığına (əyilməyə və ya dırmaşmağa ehtiyac yoxdur) görə yerli iş adamları tərəfindən çox sevilir.

Bu seqmentə can atan yerli istehsalçıların sayı durmadan artmaqdadır: son bir il ərzində Çin bazarında Maxus G90 və MIFA 9, Voyah Dreamer və Denza D9 minivenləri satışa çıxıblar, Zeekr və Wey modelləri isə, yoldadır. Yeni Hongqi HQ9 (əvvəllər bu layihə HM9 kodu ilə tanınırdı) miniveni məhz adı çəkilən avtomobillərlə rəqabət aparacaqdır.

Lakin FAW konserni yenə də ümumi tendensiyadan yan keçib: Hongqi miniveni elektrokar və hətta hibrid deyil, o, ənənəvi benzin mühərrikinə malikdir. Minivenin əsasını sadə ön ötürməli platforma təşkil edir, kapotun altında isə, 252 at qüvvəli 2,0-litrlik “turbodördlük” və səkkiz pilləli “avtomat” var. Plagin hibrid versiyasının olacağı da vəd edilir, lakin hibrid miniven bir müddət sonra işıq üzü görməlidir. Şassi adi yaylı asqıya malikdir: öndə McPherson dayaqları, arxada isə çoxqollu asqı quraşdırılıb.

Hongqi HQ9 miniveni Toyota Alphard modelindən nəzərəçarpacaq dərəcədə böyükdür. Onun uzunluğu 5222 millimetr, eni - 2005 millimetr, , hündürlüyü - 1935 millimetr, təkər bazası isə, 3200 millimetrdir. Toyota Alphard modelinin ölçüləri - 4945x1850x1935 millmetr təşkil edir. Təkər bazasının ölçüsünə gəldikdə isə, HQ9 miniveni yapon rəqibini 200 millimetr üstələyir.

Minivenin Hongqi markasının digər avtomobilləri ilə bağlılığını şaquli çubuqları olan nəhəng radiator barmaqlığı və mərkəzdəki firma qırmızı “pipiyi” nümayiş etdirir. Kuzov bolluca xrom bəzəyə malikdir. Minivenin standart təchizatına 18-düymlük təkər diskləri daxildir.

Salonun bahalı tərtibata malikdir və yeddi nəfər üçün nəzərdə tutulub, lakin əsas diqqət ikinci cərgəyə yönəldilib. Burada elektriklə tənizmlənən, qızdırılma və havalandırma funksiyası, qatlanan ayaq dayaqları olan iki iri kreslo var. Əsas funksiyaların idarə olunması dirsəkaltılara quraşdırılmış sensor ekranlarda cəmləşib. Qatlanan masalar ön oturacaqların arxa tərəfinə bərkidiliblər.

Üçüncü cərgənin oturacaqları üç sərnişini qəbul edə bilər. Bu cərgə sadə servoötürücülər ilə təchiz edilir: uzununa tənzimlənmə və kürək hissənin qatlanması elektrikləşdirilib. Salonun arxa hissəsi ayrıca klimat-kontrola və panoram dama malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön paneldə virtual cihazlar paneli və media sisteminin genişformatlı ekranı var. Bununla belə, iki zonalı klimat-kontrol aparat düymələri və dəstəkləri olan ayrıca bloka malikdir. Miniven dairəvi müşahidə kameraları və zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol ilə təchiz olunur.

Çində Hongqi HQ9 miniveninə sifarişlər artıq qəbul edilir, başlanğıc qiyməti 400 000 yuandır (59 000 dollar). Minivenin satışlarına bu ilin payızında başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.