Müharibədən əvvəl Delage firması Fransada həm yol, həm də yarış avtomobilləri buraxan ən məşhur istehsalçılardan biri idi. Buna baxmayaraq, fransız markası fəaliyyətini 1953-cü ildə dayandırmağa məcbur olmuşdu. İndi isə, markanın hazırki sahibi olan iş adamı Loran Tapi əfsanəni canlandırmaq və fəaliyyətə hiperkarın buraxılması ilə başlamaq qərarına gəlib.

Yeni hiperkar Delage D12 adlanır və avtomobilin indeksindəki rəqəmlər, tarixi modellərdə olduğu kimi, onun təchiz edildiyi mühərrikin silindrlərinin sayını göstərir. Yeni hiperkar 7,6-litrlik V12 atmosfer benzin aqreqatı və elektrik mühərrikindən ibarət olan hibrid güc qurğusunu ilə hərəkətə gələcəkdir.

Delage D12 GT modelinin baza versiyası təxminən 1400 kiloqram çəkiyə malik olacaq və 1130 at qüvvəli hibrid güc qurğusu ulə təchiz ediləcəkdir. Bundan əlavə, 1312 kiloqramlıq çəkiyə və 1038 at qüvvəsinə malik olan yüngülləşdirilmiş D12 Club versiyası da təklif ediləcəkdir. Hər iki halda hiperkar səkkiz pilləli robot ilə komplektləşdirləcəkdir.

Delage D12 modelinin digər xüsusiyyətləri arasında təkanverici qolları olan asqı sistemi və qeyri-adi oturacaq formulu vardır: sürücünün oturacağı mərkəzdə yerləşdiriləcək, onun düz arxasında isə yeganə sərnişin oturacağı quraşdırılacaqdır. Avtomobilin yaradılmasında və sınaqlarında F1 üzrə dünya çempionu Jak Vilnyov iştirak edib.

Hibridin 100 km/saat həddini 2,5 saniyəyə toplayacağı iddia edilir. Bununla belə, avtomobilin maksimal sürəti açıqlanmayıb, ancaq Delage Automobiles şirkəti D12 modelinə Nürburqrinqin yol avtomobilləri üçün yeni rekordunu qeydə almağa ümid edir. Xatırladaq ki, hazırda bu rekord Porsche 911 GT2 RS MR modelinə aiddir.

Delage Automobiles şirkəti D12 modelini 30 nüsxəlik məhdud saylı tirajla buraxmağı planlaşdırır. Bu avtomobillərdən ikisi artıq satılmışdır. Onların hər birinin qiymətinin təxminən 2 milyon avro olduğu bildirlir. Yeni hiperkarının istehsalının Fransanın avtomobil sənayesinin yaranmasının tarixi mərkəzi olan və vaxtı ilə Delage şirkətinin mənzil-gərargahının yerləşdiyi Lavallua-Perre şəhərində təşkil etmək nəzərdə tutulur.