Amerikan Interlogic Outsourcing Inc şirkətinin keçmiş sahibi, indi isə milyonlarla dollarla dələduzluqda ittiham olunan Nəcib Xanın avtomobil kolleksiyası hərraca çıxarılacaqdır. Onun qarajında müxtəlif dövrlərin 240 ədəd nadir tapılan bahalı avtomobili var.
Qeyd etmək gərəkdir ki, Xan ən nadir nümunələri toplaya bilib. Məsələn, 1917-ci ilin Hudson modeli, 20-ci illərin yarış avtomobili, 1948-ci ilin Tatra T87 və 1963-cü ilin Tatara 2-603 modelləri, 1927-ci ilin Bugatti Type 35 modeli, hətta 1936-cı ilin White Model 706 Glacier National Park turistik avtobusu da var. Sonrakı illərin avtomobillərinə misal kimi 1955-ci ilin Mercedes-Benz SL Gullwing, 1952-ci ilin Ferrari 225 S Berlinetta, 1935-ci ilin Auburn 851 və 1953-ci ilin Fiat 8V modellərini göstərmək olar.
Amerika klassik avtomobilləri məşhur DeLorean DMC-12 və Ford Roadster modelləri, italyan avtomobilləri isə bir neçə Ferrari superkarları ilə təmsil olunurlar. Kolleksiyaya 1927-ci ilin M274 A5 1/2 Ton 4x4 Mule modeli də daxil olmaqla hərbi maşınlar da daxildir. Eyni kolleksiyaya Subaru 360 modelinin bazasında inşa edilmiş polis avtomobili də daxildir.
İlkin olaraq, avtomobilləri bu ilin may ayında hərraca çıxarmaq planlaşdırılırdı, lakin koronavirus səbəbi ilə hərraclar oktyabr ayına təxirə salınıb.
Mənbə: RM Sotheby's