Porsche şirkətinin İsveçrədəki dilerlərindən biri atılmış 911 Targa modelinin şəklini bölüşüb. Sən demə, yaxınlıqdakı dələlər baxımsız qalmış avtomobilin mühərrik bölməsindən ehtiyatlarını saxlamaq üçün anbar kimi istifadə ediblər.
1974-cü ilin Porsche 911 Targa modelini bərpa üçün götürən Porsche şirkətinin Cenevrədəki mərkəzinin əməkdaşları sportkarın mühərrik bölümündə çoxlu sayda qoz və qabıqları aşkar ediblər.
Özünün Facebook səhifəsində şəkili bölüşən diler “kiçik və acgöz dələlərin uzun illərdir ki Porsche Targa 2.7 modelinin mühərrik bölümünü sığınacaq kimi istifadə etdiyini” yazıb. İndi, şəhər ətrafında məskunlaşmış dələlər ehtiyatlarını saxlamaq üçün daha etibarlı yer axtarmalı olacaqlar.
Mühərrik bölümündəki tapıtını nəzərə almasaq 45 illik avtomobilin yaxşı vəziyyətdə olduğunu qeyd etmək gərəkdir.