Aviasiya tarixi maraqlı və qəribə hadisələrlə zəngindir. Bəzilərinə isə özümüz də uçarkən rast gəlirik. Lakin bir çox ağlasığmaz, heç kimin inanmayacağı, əslində isə real olan hadisələrin bir təyyarə ilə bağlı olması həqiqətən də qəribədir. Söhbət Türk Hava Yollarının başına xeyli oyun açan, TC-JDM qeydiyyat nömrəli Airbus A340-300 təyyarəsindən gedir.
THY 90-cı illərin əvvəllərində təqdim edilən A340 tipli təyyarəyə marağını ilk gündən gizlətməyib. Transatlantik uçuşları yerinə yetirmək üçün bu təyyarələrdən növbəti illər ərzində 7 ədəd alan şirkət yazımızın qəhrəmanını 1996-cı ildə parkına əlavə edib.
Qeydiyyat nömrəsi, necə deyərlər, "aviasiya dilində" açılışı Tango Charlie - Juliett Delta Mike olduğu üçün THY əməkdaşları onun adını "Deli Mike", yəni "Dəli Mayk" qoyublar. Şirkətin pilotları deyir: "Dəli Mayk" istəsə, dünyanın o biri ucuna uçar, kefi istəməsə, yerindən 1 metr də tərpənməz. Onu heç nəyə məcbur etmək mümkün deyil".
Haqlıdırlar, bu qəribə təyyarənin bəzi sərgüzəştləri haqda danışaq. Maykı məşhur edən problemləri olub. Tez-tez çıxan müxtəlif problemlər bəzən özbaşına düzəlib, bəzən də aylarla üzərində işləməyə ehtiyac olub. Bütün proqramları dəfələrlə sıfırlanıb təzədən yazılsa da, yenə də öz bildiyini oxuyub. Bunlardan bezən THY Airbus-dan xüsusi komanda istəyib ki, bu məsələ ilə məşğul olsunlar. Diqqətlə analizlər, yoxlamalar aparıblar, amma qeyri-adi heç nə tapmayıblar. Buna baxmayaraq, yenə də heç nə düzəlməyib.
Çöl işıqlarını bəzən özbaşına yandıran təyyarə çox vaxt kimsə müdaxilə etmədən yenidən söndürüb. Və yaxud da, məsələn, 8A oturacağında əyləşən sərnişin kitab oxumaq üçün işığı yandıran düyməni basanda, 15C-dəki işıq yanırmış. Bir neçə dəfə də yuxuda olan sərnişinin necə olubsa, təyyarə bələdçisini "çağırıb".
Əsas da qalxışdan sonra problemlər yaratmağı xoşlayıb. Bəzən hidravlik sistemlərində problem olub, bəzən də elektrik sistemlərində. Hətta 2012-ci ildə bütün texniki baxışlardan sonra Vaşinqtona uçarkən təkərlərini yığmadığı üçün geri, Atatürk Hava Limanına qayıdıb. Heç bir "problem tapmayanda" da ayaqyolundakı hansısa sistemi sıradan çıxarıb. Yəni, təyyarə dəfələrlə qalxışdan sonra dərhal enməli olub.
THY tərkibində uçduğu 22 il ərzində Hindistanda yoldan çıxmağa, kokpit şüşəsini çatlatmağa da vaxt tapan, lakin əsla ciddi qəzaya uğramayan, qəribə olduğu qədər etibarlı da olan "Dəli Mayk" 2018-ci ilin sonunda şirkət üçün son uçuşunu reallaşdırıb. PlaneSpotters.net saytında olan məlumatlara görə, təyyarə daha sonra 2-AVRA qeydiyyat nömrəsi ilə Avro Global şirkəti üçün uçub. Tezliklə isə yeni sahibi olan CAR-ın Africa Charter Airline şirkətinə qoşulacaq...