DeLorean Motor Company məşhur DMC-12 kupesinin varisi olacaq EVolved elektromobilinin debütünə marağı artırmağa davam edir. Yeni sportkarın bu il avqust ayının 18-nə planlaşdırılan təqdimatı hər il Pebbl-Biçdə keçirilən Zəriflik Müsabiqəsində baş tutacaqdır.
Bu dəfə brend elektromobilin kuzovunun arxa hissəsinin tizerini dərc edib. Şəkildə markanın adı olan işıqlanan “DeLorean” yazısı və avtomobilin bütün arxa tərəfi boyunca uzanan nazik LED zolaq göstərilir.
Yeni DeLorean modelinin yaradılmasında Volkswagen konserninə məxsus olan Italdesign Giugiaro studiyası iştirak edir. Qeyd etmək gərəkdir ki, məhz Corcetto Cucaro orijinal DMC-12 modelinin dizaynının müəllifi olub. Üstəlik, bu dəfə italyan şirkəti mühəndislik işlərini də öz üzərinə götürüb.
Əfsanəvi DMC-12 modeli ilə müqayisədə yeni elektrokar daha iri görünür. Sələfinin arxa pəncərədə quraşdırılan klassik “jalüzi” ilə yanaşı, EVolved ənənəvi “qağayı qanadları” qapılarını da qoruyub saxlayacaqdır.
Eyni zamanda, şirkət, tərtibatçıların hələ də elektromobilin seriya versiyasını göstərməyə hazır olmadıqlarını iddia edir. DeLorean Evolved modelinin yekun konseptini avqustun 18-də Kaliforniyada keçiriləcək Pebble Beach Concours d'Elegance tədbirində nümayiş etdirəcəklər.
Fevralın ortalarında DeLorean gələcək EVolved modeli ilə bağlı bəzi təfərrüatları açıqlayan qısa videoçarxı yayımlayıb. Elə o zaman, mütəxəssislər ilk dəfə modelin təxmini təqdimat vaxtına da işarə etmişdilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.