Amerika hakimiyyətinin yenidən dirçəldilmiş DeLorean Motor Co. şirkətinə San Antonio şəhərindəki qərargahının açılması müqabilində 1 milyon dollardan çox subsidiya ayırmasından bir neçə ay sonra, Karma Automotive şirkəti bu şirkətin təsisçilərinə qarşı iddia qaldırıb. İddiaçı qarşı tərəfi oğurlanmış əqli mülkiyyətdən istifadədə ittiham edir.

İddiaya görə, Karma nümayəndələri köhnə DMC-12 modellərini elektrikləşdirəcək potensial birgə müəssisə üzərində işləyirlərmiş. Lakin layihəyə üzərində çalışmaq üçün təyin edilmiş dörd aparıcı mütəxəssis hələ Karma şirkətində işləyərkən gizli şəkildə öz müəssisələrini qurublar və elektrik avtomobilinin dizaynı və mühəndisliyi barədə məlumatı Reimagined adlandırdıqları yeni təşkilata ötürüblər. San Antonioda yerləşən DeLorean şirkəti, Texasda məhz DeLorean Motors Reimagined kimi qeydiyyatdan keçib.

İddiada cavabdehlər olaraq DeLorean şirkətinin baş direktoru Yoost de Vris, əməliyyat direktoru Alan Yuan, marketinq direktoru Troy Bitz, habelə brend və yaradıcılıq üzrə vitse-prezident Nilo Harris göstəriliblər. Eyni zamanda, cavabddehlər arasında iki şirkət də var: DeLorean Motors Reimagined və Reimagined Automotive.

Yoost de Vris açıqlamasında Karma Automotive şirkətinin iddialarını əsassız adlandırıb və San Antonioda yerləşən şirkətin bu ay təqdim etməyə hazırlaşdığı avtomobilin tamamilə Karma şirkətindən kənarda yaradıldığını qeyd edib:

“Bu avtomobil dizayn, mühəndislik, təchizat zənciri və ya istehsal baxımından Karma Automotive ilə heç bir əlaqəsi olmayan çox spesifik, unikal DeLorean şəcərəsinə malikdir. Biz əvvəlki kimi şirkətimizin gələcəyinə sadiq qalırıq”.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.