Hyundai şirkəti Detroytda keçirilən avtosalonda Veloster hetçbekinin “qaynar” modifikaisyası olan Veloster N modelini təqdim edib. Veloster N hetçbeki Hyundai şirkətinin N bölümünün hazırladığı ikinci modeldir.
Cənubi Koraya istehsalçısının N bölümünün ilk məhsulu i30 N hetçbeki olmuşdur. Hyundai Veloster N modelinin yaradılması üzərində Hyundai şirkətinin Namyanqdakı ümumdünya elmi-tədqiqat mərkəzinin mütəxəssisləri məşğul olublar. Modelin şassisinin sazlanması məşhur Nürburqrinq trekində həyata keçirilibdir.
Zahiri cəhətdən “qaynar” Veloster N modeli N-design tərfindən hazırlanmış radiator barmaqlığı və 18-düymlük təkər diskləri və aqressiv aerodinamik kuzov dəsti ilə seçilir. Əlavə ödənişlə 235/35 R19 ölçülü Pirelli P-Zero şinləri ilə təchiz edilmiş 19-düymlük təkər disklərini də sifariş etmək olar. Arxa hissədə iri antiqanadı və diffuzoru, həmçinin buraxılış sisteminin mərkəzdə yerləşdirilmiş iri çıxış borularını görmək mümkündür.
Hyundai Veloster N modelinin salonunda N-design bölümünün məhsulu olan idman oturacaqlarını və ötürmə dəstəkləri olan sükan çarxını görmək olar.
Yeni Hyundai Veloster N heçbeki də i30 N modeli kimi 275 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Hyundai Veloster N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. İstehsalçı “qaynar” asimmetrik hetçbekin dinamik xarakteristikalarını açıqlamayıb. Xatırladaq ki, Hyundai i30 N modeli yerindən 100 km/saat həddinə modeli 6,2 saniyəyə sürətlənir. Hyundai i30 N modelinin maksimal sürəti 250 km/saatdır. Modelin təchizatına idman xarakteristikalarına malik olan sükan idarəetməsi və elektronika ilə idarələnən asqı sistemi daxildir. Hetçbek beş rejimi (Normal, Sport, N, Eco və N Custom) olan N Grin Control sisteminə sahib olub.
Hyundai Veloster N modelinin istehsalına sentyabr ayında Cənubi Koreyada start veriləcəkdir. Avtomobilin satışlarına cari ilin dördüncü rübündə başlanacaqdır.