Kia şirkəti bizim bazarda Cerato adı ilə tanınan Forte sedanının yeni nəslini Detroyt avtosalonunda nümayiş etdirib. Sedan pilləsiz transmissiyaya sahib olub. Xatırladaq ki, əvvəlki nəsil Cerato modeli altı pilləli avtomatik qutu ilə təchiz edilirdi.
Forte modelində quraşdırılan variatoru Kia şirkətinin mütəxəssisləri hazırlayıblar. Variator pillələrin dəyişməsini təqlin edə bilir. Yeni transmissiya salondakı səs-küyü azaltmağa və sedanın yanacaq sərfiyyatını yaxşılaşdırmağa imkan verir. Sedan əvvəlki kimi 149 at qüvvəsi və 180 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Yeni nəsil Kia Forte sedanın konstruksiyasının 54 faizi yüksək möhkəmlikli poladdan hazırlanıbdır. Yeni model sələfindən asqının geometriyası və rama altlıqları ilə fərqlənir. Üstəlik, yeni sedan əvvəlkindən uzun, enli və hündür alınıb.
Modelin kuzov sərtliyi də 16% artıbdır. Kia Forte sedanın baqaj bölümünün həcmi 427 litr olubdur. Xatırıadaq ki, əvvəlki Cerato modelində bu rəqəm 482 litrə bərabər olub.
Kia Forte modelinin yeni nəslinin avadanlıq siyahısına işıqdiodlarından ön fənərlər, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən, səkkiz düymlü sensorlu displeyi olan multimedia sistemi, smartfonların naqilsiz doldurulması, 320-vattlıq səs sistemi, adaptiv kruiz-kontrol, hərəkət cərgəsinə nəzarət funksiyası və qəzaları önləyən sistem daxildir.