Fiat Chrysler Automobile konsernin tərkibinə daxil olan Ram markası Detroyt avtosalonunda Ram 1500 pikapını təqdim edib. Yeni pikap “mülayim-hibrid” güc qurğusuna, pnevmatik asqıya, amplitudan asılı olan amortizatorlara və yeni off-road dəstinə sahib olub.
Ram 1500 modelinin yenilənmiş mühərrik çeşidinə 3,6-litrlik V6 və 5,7-litrlik V8 mühərriklərinin əsasında yaradılmış hibrid qurğular daxil edilib.
Hər iki mühərrik E-Torque sistemi ilə təchiz edilir. Bu sistem 48 voltluq startyor-generatordan və 0,43 kilovat-saatlıq litium-ion batareyalarından ibarətdir. E-Torque sistemi qısa müddət üçün V6 mühərrikinin fırlanma anını 122 Nm, V8 mühərrikinin isə 176 Nm artıra bilir. Eyni zamanda, o V8 mühərrikinin silindrlərinin söndürülməsi sistemində effektiv istifadəni təmin edir. Altı silindrli mühərrik 309 at qüvvəsi və 365 Nm fırlanma anı hasil edir. Səkkiz silindrli mühərrik isə 401 at qüvvəsinə və 556 Nm fırlanma anına malikdir.
Hər iki mühərrik alternativsiz olaraq səkkiz pilləli avtomatla təchiz edilir.
Ram 1500 Rebel
Ram 1500 pikapının konstruksiyasında alüminium və yüksək sərtlikli poladlardan geniş istifadə edilibdir. Crew Cab modifikasiyasının çəkisi sələfinə nisbətən 102 kiloqram azdır. Modelin aerodinamik müqavimət əmsalı 9% yaxşılaşıb və indi 0,357-yə bərabərdir. Ram elektronika ilə idarələnən və 48 km/saat həddində ön bamperdən çıxan qalxan ilə təchiz edilir, Pnevmatik asqı sistemi ilə təchiz edilən pikaplar kreyser sürətində 15 millimetr aşağı “otura” bilərlər.
Səs-küy səviyyəsini azaltmaq üçün ramada quraşdırılan kuzovun yan tərəflərindəki aktiv inersiyon dempferlərindən və aktiv səsboğucu sistemdən istifadə edilir.
Yeni nəsil Ram 1500 modeli üçün 4x4 Off-Road dəsti də təklif edilir. Bu dəstin tərkibinə 25 millimetre hündürləşdirilmiş asqı, elektron qapanması olan arxa differensial, 32-düymlük yolsuzluq şinləri (Rebel variantı üçün 33-düymlük), mühərrikin, paylayıcı qutunun və yanacaq çəninin müdafiəsi və geometriyası dəyişdirilmiş arxa asqı daxildir.
4x4 Off-Road dəsti Ram 1500 Rebel modifikasiyasının standart təchizatına daxildir. Bundan başqa, Rebel modifikasiyası üçün yaylı asqı və enişdə yardım sistemi standartdır. Pikapın təchizatına işıqdiodlarından adaptiv fənərlər, panoram tavan, 12-düymlük displeyi olan multimedia sistemi, naviqasiya, Wi-Fi giriş nöqtəsi, beş USB port və adaptiv kruiz-kontrol daxil edilibdir.