Jeep şirkəti Detroyt avtosalonunda yenilənmiş Cherokee krossoverini nümayiş etdirib. Yeni dizayna sahib olan avtomobil Jeep Wrangler modelinin 2,0-litrlik dörd silindrli turbomühərrikinə sahib olub.
Jeep Cherokee modelinin konstruksiyasında yüksək möhkəmlikli poladların həcmi 65 faizə yüksəlib. Baqaj bölümünün qapağı isə kompozit materiallardan hazırlanıbdır. Avtomobilin çəkisi 91 kiloqram azalıbdır. Krossover öndə McPherson, arxada isə çoxqollu asqıya sahib olub. Asqının gedişi öndə 170, arxada isə 198 millimetrdir.
Krossoverin mühərrik çeşidinə 184 at qüvvəli 2,4-litrlik sıralı dörd silindrli mühərrik, 275 at qüvvəli 3,2-litrlik V6 mühərriki və 274 at qüvvəli 2,0-litrlik turbomühərrik daxildir. Bütün mühərriklər 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Krossover üç növ tam çəkiş sistemi ilə təchiz edilir: arxa oxu avtomatik qoşan Active Drive I, iki pilləli paylaşdırıcı qutusu və aşağı pillələr cərgəsi olan Active Drive II və mexaniki özüqapanan differensialı olan Active Drive Lock. Bundan başqa, krossover beş iş rejimi olan dartma qüvvəsinə nəzarət sisteminə də sahib olub.
Ən qatı yolsuzluq variantı olan Trailhawk artıq zavoddan 25 millimetr artırılmış asqı, başqa formalı bamperlər və özüqapanan differensial ilə təchiz edilir. Modelin təchizatına 7,0 və ya 8,4-düymlük displeyi olan, həmçinin Bluetooth, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən Uconnect multimedia sistemi, yeddi düymlük rəqəmsal cihazlar paneli, adaptiv kruiz-kontrol və avtomatik parktronik daxildir.