Devel Motors şirkəti Dubayda keçirilən avtosalonda Sixteen hiperkarının seriya variantını təqdim edib. Avtomobil unikal dizayna və mühərrikə sahib olub. İstehsalçı sərgiyə iki hazır avtomobili gətirib.
Devel Sixteen hiperkarı dörd turbinaya malik olan 12,3-litrlik V16 mühərriki ilə təchiz edilir ki, bu aqreqat da 5000 at qüvvəsi və 5150 Nm fırlanma anı hasil edir. Adi halda avtomobilin mühərrikinin gücü 1200 at qüvvəsi səviyyəsində məhdudlaşdırılır. Devel Sixteen hiperkarına 100 km/saat həddini toplamağa isə 1,8 saniyə tələb olunur. Onun maksimal sürəti 560 km/saatdır.
Hiperkarın əsasını karbondan hazırlanan monokok və alüminium rama təşkil edir. Avtomobilin kuzov panelləri, məlum məsələdir ki, karbondan hazırlanıb. Prototipdən fərqli olaraq seriya modeli daha hamar xəttlərə malikdir. Onun qırıcıların mühərriklərinin ucluğunu xatırladan buraxılış sistemi kuzov panellərinin altında gizlədilib. Bundan başqa, iri arxa antiqanaddan da imtina edilib.
Hiperkarın təchizatına idarəetmə elektronikasının üç rejimi, amortizatorların sərtliyini və avtomobilin klirensini dəyişdirən sistem daxil edilib. Devel şirkəti hiperkarın hazırlanmasına italyan Manifattura Automobili Torino şirkəti də cəlb edib. Bu şirkət SCG 003 və bir müddət bundan öncə təqdim olunan Aloppo Intensa Emozione modellərinin inşasında da iştirak edib.
Hiperkarla yanaşı, Devel şirkəti Dubayda altı təkərli Sixty yolsuzluq avtomobilinin prototipini də nümayiş etdirib. İstehsalçı avtomobilin texnki hissəsi barədə heç bir məlumat verməyib. Yeganə məlum olanlar, yolsuzluq avtomobilinin portal körpülərə, təkərlərin mərkəzləşdirilmiş doldurulmasına və altı yerli salona malik olmasıdır. Onun qiyməti isə, 450 min dollardır.