DeLorean idman avtomobilinin dirçəldilməsi layihəsi ilk dəfə altı il əvvəl, ABŞ hökumətinin avtomobillərin kiçik seriyalı buraxılışı ilə məşğul olan istehsalçılar üçün güzəştlərin tətbiq etdiyi vaxt elan edilmişdi.
O zaman, orijinal DeLorean DMC-12 kupesinin müasir mühərriklə təchiz olunmuş, təkmilləşdirilmiş versiyası hazırlanmalı idi, lakin bu ideya həyata keçirilmədi. 2021-ci ilin yanvarında isə, tamamilə yeni DeLorean avtomobilinin tizeri dərc edildi və görünən odur ki, bu layihə başa çatdırılacaqdır. Bu gün yeni modelin ikinci tizer-anonsu dərc edilib.
Con DeLoreanın əsl şirkətinin, əlbəttə ki, bu işlə heç bir əlaqəsi yoxdur: həmin şirkət 1982-ci ildə fəaliyyətini dayandırıb, DeLorean özü isə, 2005-ci ildə vəfat edib.
Lakin hələ 1995-ci ildə sahibkar Stefen Uinn, Texasda, ticarət nişanının hüquqlarını almış və ilkin olaraq yalnız orijinal DeLorean avtomobillərinin bərpası və yenidən satışı ilə məşğul olan DeLorean Motor Company adlı yeni bir şirkəti təsis edib. Bu illər ərzində Uinn markanın tam dirçəldilməsi və yeni modelin buraxılması fikri ilə yaşayıb.
Yeni DeLorean modelinin yaradılmasında Volkswagen konserninə məxsus olan Italdesign Giugiaro studiyası iştirak edəcəkdir. Qeyd etmək gərəkdir ki, məhz Corcetto Cucaro orijinal DMC-12 modelinin dizaynının müəllifi olub. Üstəlik, bu dəfə italyan şirkəti mühəndislik işlərini də öz üzərinə götürəcəkdir.
“Qağayı qanadı” adlanan qapıların qalacağı məlum olsa da, dərc edilmiş tizerdən də göründüyü kimi, yeni avtomobilin klassik kupe ilə stilistik oxşarlığının olacağını gözləməyə dəyməz. Daxili yanma mühərriki də yoxa çıxacaqdır: yaradıcılar gələcək idman avtomobilini “reimagined electric car” (“yenidən nəzərdən keçirilmiş elektrik avtomobili”) adlandırırlar.
Üstəlik, bu layihə üçün Stefen Uinn hətta yeni DeLorean Motors Reimagined LLC adlı törəmə şirkətini də yaradıb.
Hələlik başqa təfərrüatlar açıqlanmayıb. İlk dirçəldilmiş DeLorean modelinin debütü bu ilin avqustunda Pebbl Biçdə keçiriləcək Zəriflik müsabiqəsi çərçivəsində baş tutmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.