Daimler AG konserni qarşıdan gələn kadr dəyişiklikləri barədə məlumat verib. Bu dəyişikliklər bir neçə ili əhatə etsə də, iri miqyaslı xarakter daşıyır və ciddi hazırlıq tələb edir. Başlıca xəbər Diter Zetşenin konsernin İdarə heyətinin sədri və Mercedes-Benz Cars şirkətinin rəhbəri vəzifəsindən getməsidir. O, bu vəzifələri, müvafiq olaraq, 2006 və 2005-ci ildən tutur.
65 yaşlı Diter Zetşenin vəzifəsindən getməsi 2019-cu ildə keçiriləcək səhmdarların illik yığıncağından sonra baş tutacaqdır. Artıq onun xələfinin adı da məlumdur: bu şəxs hazırda Daimler konserninin və Mercedes-Benz Cars şirkətinin araşdırmalar bölümünün rəhbəri vəzifəsində çalışan Ola Kalleniusdur. Əgər onun namizədliyi səhmdarlar tərəfindən təsdiq edilərsə, Ula alman konserninin tarixində şirkətə başçılıq edən ilk əcnəbi olacaqdır - axı Ula Kellenius əslən İsveçdəndir.
Artıq Kalleniusun yerinə də namizəd təyin edilib – isveçlini vəzifəsində Markus Şafer əvəzləyəcəkdir. Hazırda Şafer istehsalat və malgöndərənlərlə əlaqələr şöbəsinə başçılıq edir.
Ola Kallenius
Bununla belə, Diter Zetşe Daimler konsernini tamamilə tərk etməyəcəkdir. Plana əsasən, o, konsernin Müşahidə şurasına başçılıq edəcəkdir. Bu yerdəyişmə 2021-ci ildə həyata keçiriləcəkdir. Hazırda bu vəzifəni 76 yaşlı Manfred Bişoff tutur. Qeyd etmək lazımdır ki, Zetşe ömrünün böyük hissəsini Daimler konserninə həsr edib. O, 1976-cı ildə araşdırmalar şöbəsinə xırda bir vəzifəyə təyin edilmişdi.
Daha bir vacib xəbər AMG bölümünün başçısı Tobias Moerslə bağlıdır. Gələcəkdə o birbaşa Mercedes-Benz Cars şirkətinin rəhbərinə, yəni Ola Kalleniusa tabe olacaqdır.