Jeep şirkəti JL indeksini daşıyan yeni Wrangler modelini yalnız benzin mühərrikləri ilə təklif edir. Əfsanəvi ofrouderin mühərrik çeşidində 286 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli və 385 at qüvvəli 3,6-litrlik Pentastar V6 mühərrikləri daxildir. Avtomobilin Los Ancelesdəki təqdimatı zamanı onun tezliklə dizel mühərriki ilə təchiz ediləcəyi vəd edilsə də, bu günə qədər dizel modifikasiyasından heç bir xəbər yoxdur. Lakin, yaxın zamanlarda vəziyyət dəyişə bilər.
Car&Driver nəşri şirkət daxilindəki mənbələrdən yaxın zamanlarda dizel mühərrikli ofrouderin debüt edəcəyi barədə məlumat alıb. Qeyd etmək lazımdır ki, “Renqlerdən” sonra debüt etmiş Jeep Gladiator pikapı artıq dizel mühərriki ilə təklif edilir. Pikapın təchiz olunduğu 3,0-litrlik EcoDiesel aqreqatı 264 at qüvvəsi və 599 Nm fırlanma anı hasil edir və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Güman edirəm ki, Jeep Wrangler modelinin hansı dizel aqreqatı ilə təchiz olunacağını izah etməyə ehtiyac yoxdur.
Lakin, bu dizel ofrouderi barədə yeganə məlumat deyil. Car&Driver dizel aqreqatının yalnız ofrouderin dördqapılı Sport, Sahara və Rubicon modifikasiyaları üçün əlçatan olacağını qeyd edib. Eyni zamanda, dizel aqreqatlı Wrangler modelini müəyyən etmək üçün baqaj qapısına baxmaq kifayətdir: orada 3.0 D emblemi olmalıdır.