Bəhreyndə fəaliyyət göstərən EKanoo Racing tüninq atelyesinin mütəxəssisləri 308 at qüvvəli dizel mühərriki ilə təchiz olunmuş Toyota Land Cruiser modelinin gücünü yoxlamaq qərarına gəliblər. Onlar yapon ofrouderini dinamometrik stendə quraşdıraraq, güc və fırlanma anı göstəricilərini, habelə avtomobilin sürətlənmə dinamikasını müəyyən ediblər. Araşdırmalar nəticəsində ofrouderin “təkərlərdə” 40 at qüvvəsi itirdiyi məlum olub.
Toyota Land Cruiser 300 modelinin təchiz edildiyi 3,3-litrlik dizel mühərriki 308 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya və tam ötürməs sistemi ilə birlikdıə çalışır. Texniki sənədlərə əsasən, ofrouder 100 km/saat həddini 6,9 saniyəyə toplayır. Tədqiqatlar təkərlərə 278 at qüvvəsi və 641 Nm fırlanma anının ötürüldüyünü müəyyən edib.
Avtomobilin 40 at qüvvəsi itirməsinə baxmayaraq, mütəxəssislər əldə edilən nəticəni müsbət hal kimi qiymətləndiriblər, çünki gücün azalması 10 faizi keçməyib. Sürətlənməyə gəldikdə isə, Land Cruiser 300 modeli 7,26 saniyə göstəricisini qeydə alıb. Ofrouder dörddə bir mili 15,37 saniyəyə qət edib, onun finişdəki sürəti isə 142,9 km/saat olub.
Xatırladaq ki, bir müddət bundan öncə, EKanoo mütəxəssisləri 3,5-litrlik V6 turbomühərriki ilə təchiz edilmiş Toyota Land Cruiser 300 modelinin gücünü yoxlamışdırlar. Nəticədə, təkərlərə 370 at qüvvəsi və 534 Nm fırlanma anı ötürüldüyü aşkar edilmişdi. Xatırladaq ki, rəsmi sənədlərə əsasən altısilindrli turbomühərrikin hasilatı 415 at qüvvəsi və 650 Nm fırlanma anı təşkil edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.