Volkswagen konserni məlum dizel qalmaqalı ucbatından 31,1 milyard avro itirıb. Lakin, bu son deyil: konsern 2020-ci ildə 2,9 milyard avro və gələn il 1,2 milyard avro cərimə ödəyəcəkdir. Beləliklə, Volkswagen konserninin ümumi zərəri 35 milyard avro təşkil edəcəkdir. Reuters agentliyinin bildirdiyinə görə, alman konserninin cari bazar kapitallaşması 48,5 milyard avro təşkil edir.
Dizel qalmaqalı ya da qərb mətbuatında deyildiyi kimi - “dizelgeyt”, - 2015-ci ildə alovlanıb. Sonradan məlum olub ki, Volkswagen konserni zərərli tullantıların ölçülməsi zamanı, göstəricilərin normalar daxilində göstərilməsi üçün, xüsusi qurğular və proqram təminatından istifadə edib. Konsern təmir üçün geri çağırıma kampaniyasını keçirib və hətta EA189 dizel mühərrikləri olan 11 milyon Volkswagen, Porsche, Audi və Seat avtomobillərini sahiblərindən geri almaq məcburiyytində qalıb.
2020-ci ilin əvvəlində Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi İdarəsi (UOKiK) Volkswagen konserninə 120 milyon zlotı (təqribən 31,6 milyon dollar) cərimə kəsib. Polşa dövləti üçün rekord sayılacaq sanksiya "işlənmiş qazlardakı zərərli tullantıların səviyyəsi barədə istehlaskçılara yanlış məlumat vermək" səbəbi ilə tətbiq edilib. Bu ilin yanvar ayında isə, konsern Kanada höküməti tərəfindən 149,7 milyon dollar məbləğində cərimələnib.
Bu qalmaqal, Porsche şirkətinin idarə heyətinin keçmiş üzvü Volfqanq Hatsa, şirkətin mühərriklər bölümünün rəhbəri Yorq Kernerə, Audi şirkətinin keçmiş rəhbəri Rupert Ştadlerə, Volkswagen konserninin ABŞ-dakı nümayəndəsi Oliver Şmidtə və konserninin rəhbəri Martin Vinterkorna çox baha başa gəlib.
Mənbə: Reuters