Bir çoxları Bentley Bentayga modelinin təchiz edildiyi 608 at qüvvəli 6,0-litrlik W12 mühərrikinin gücünün kifayət qədər olduğunu düşünə bilərlər. Lakin, Almaniyada yerləşən DMC tüninq atelyesinin mütəxəssisləri heç də bununla razı deyillər.
Alman tüninq ustaları Bentayga krossoveri təkmilləşdirmək istəyənlər üçün xüsusi tüninq proqramını hazırladıqlarını açıqlamışdırlar. Onlar 6.0-litrlik W12 güc aqreqatını optimallaşdırılmış elektron idarəetmə bloku və yeni buraxılış sistemi ilə təchiz edərək mühərrikin gücünün 700 at qüvvəsinə, fırlanma anının isə 1055 Nm artırılmasına nail olmuşdurlar. Nəticədə dünyanıın ən sürətli krossoverinin maksimal sürət həddi 301 km/saatdan 310 km/saata qədər yüksəlmişdir.
Eyni zamanda, krossover karbondan hazırlanmış kapot, kandarlar və arxa spoyler ilə təchiz edilir. DMC mütəxəssisləri bununla kifayətlənməyərək Bentayga üçün diqqət çəkən cizgiləri olan 24-düymlük alüminium döymə diskləri də hazırlamışdırlar. Krossoverin dəbdəbəli interyerindəki dəyişikliklər karbondan hazırlanmış sükan çarxından, İtaliyadan tədarük edilmiş yüksək kefiyyətli dəri ilə örtülmüş ön panel və oturacaqlardan, həmçinin əl işi olan ayaqaltılardan ibarətdir.