Alman DMC tüninq atelyesi Lamborghini, Ferrari, Maserati, McLaren, Bentley, Rolls-Royce və Porsche markasından olan lyuks avtomobillərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmışdır. Bu yaxınlarda atelye öz kataloquna Panamera 4S liftbekinin ikinci nəslini də daxil edib.
Tüninq proqramı tərkibinə ön splitter, tünd rəngli havalandırmalı kapot, daha aqressiv arxa diffuzor və yan ətəklər daxil olan yeni aerodinamik kuzov dəstinin quraşdırılmasını nəzərdə tutur. Bu yenilikləri vizual olaraq, amerikan ANKRY firmasının 22-düymlük təkər diskləri tamamlayır.
DMC atelyesi təkmilləşdirilmiş Panamera 4S modelinin salonunun şəkillərini dərc etməsə də, interyer tərtibatında İtaliyada hazırlanmış zərif dəridən və karbondan istifadə etdiyini bildirib. Atelye mütəxəssisləri, müştərinin ilk tələbi ilə, avtomobilin salonunu fərdiləşdirməyə hazır olduqlarını da qeyd ediblər.
Əlbəttə ki, tüninq işləri avtomobilin texniki cəhətdən də təkmilləşdirilməsini tələb edir. DMC mühəndisləri liftbekin təchiz olunduğu 2,9-litrlik turbomühərrikin hasilatını 475 at qüvvəsinə və 590 Nm fırlanma anına qədər artırıblar - onlar mühərrikin proqram təminatını yeniləyərək, idman filtrini və yüksək məhsuldarlıqlı buraxılış sistemini quraşdırmağı təklif edirlər. Nəıticədə, təkmilləşdirilmiş Porsche Panamera 4S modeli 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir və 292 km/saatlıq maksimal sürət həddinə malikdir.
Müqayisə üçün, 440 at qüvvəsinə və 550 Nm fırlanma anına malik olan seriya modeli 100 km/saat həddini 4,2 saniyəyə (Sport Chrono dəsti ilə) toplayır və 289 km/saatlıq maksimal sürət həddinə malikdir.