Dodge şirkəti Challenger kupesinin Demon adlı modifikasiyasının hazırlandığı barədə bəyanat vermişdir. Amerikalı istehsalçı yeni modifikasiyanın digər «bərkgedən» Hellcat variantına görə daha üstün olacağını bildirmişdir.

«Dodge Challenger SRT Demon  hər bir artıq yarım saniyənin onların reputasiyasına necə təsir etdiyini bilənlər üçün nəzərdə tutulmuşdur», - deyən FCA ittifaqının minik avtomobilləri şöbəsinin başçısı Tim Kuniskis məsələyə aydınlıq gətirmişdir. İstehsalçı eyni zamanda yeni avtomobilə həsr edilmiş videotizeri də dərc etmişdir. Dodge şirkəti modelin aprel ayında Nyu-York avtosalonunda keçiriləcək təqdimatına qədər hər həftə bir videoçarx dərc etmək fikrindədir. Xatırladaq ki, Dodge Challenger SRT Hellcat modeli kompressorlu 6,2-litrlik səkkiz silindrli mühərriklə təchiz edilmişdir. Mühərrik 717 at qüvvəsinə və 881 Nm fırlanma anına malikdir. «Bərkgedən» kupe 96 km/saat sürətini 3,5 saniyəyə toplayır, onun maksimal sürəti isə 320 km/saatdır.