Dodge şirkəti Challenger modelinin ən ekstremal versiyasının anonsunu verib. Avqust ayında brend rəsmi olaraq 2023-cü model ilində Dodge Charger sedanı və Dodge Challenger kupesinin istehsalının dayandırılacağını elan edib. İki əfsanəvi modelin təqaüdə göndərilməsini qeyd etmək üçün isə, amerikan istehsalçısı Last Call (“Son Zəng”) xəttini təsis edib. Xəttə hər iki modelin yeddi məhdud versiyası daxildir, lakin ən güclü model yalnız 2023-cü ilin mart ayının ikinci yarısında nümayiş etdiriləcəkdir. Bu, Dodge Challenger kupesinin tarixindəki ən hardkor versiya olacaqdır.

Dodge Challenger kupesinin ən güclü versiyasının rəsmi təqdimatı martın 20-də Las Vegas Motor Speedway yarış trekində keçiriləcək Dodge Last Call Powered by Roadkill Nights Vegas tədbiri çərçivəsində baş tutacaqdır. Təqdimat ərəfəsində amerikan istehsalçısı hardkor kupenin bir sıra əsas xüsusiyyətlərinə işarə edən tizeri yayımlayıb.

Başlığı Dr. Cekil və Mister Haydın ikili şəxsiyyətinə istinad edən “Runnin' Hyde” adlı qısa videoçarxda özünə qızılı maye yeridən leprikornun canavara çevrilməsi göstərilir. Bu maye E85 yanacağına işarə edir. Eyni zamanda, su və metanolun püskürdülməsi sistemi mühərriki əlavə güclə təmin edə bilər. Bu sistemin mövcudluğuna videonun önizləmə hissəsindəki qaz maskası geyinmiş şəxs işarə edir.

Hazırda model haqqında rəsmi məlumat yoxdur, lakin onun 6,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz ediləcəyini əminliklə söyləmək mümkündür. Mühərrik tarixdəki ən güclü aqreqat olmalıdır, ona görə də onun gücünün 2017-ci ildə təqdim olunmuş Dodge Challenger SRT Demon modelinin mühərrikinin hasil etdiyi 850 at qüvvəsindən çox olacağı gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.