Üç il əvvəl, FCA konserni dreq-reysinq yarışları üçün hazırladığı seriya avtomobilini - Dodge Challenger SRT Demon kupesini təqdim etmişdi. Lakin, bu model bir sıra spesifik dəyişikliklərə (təkyerli sərnişin salonu, xüsusi təkərlər) malik idi və 3300 nüsxəlik məhdud sayda tirajla buraxılmışdı. Bundan sonra, "Şeytanı" ala bilməyənləri təsəlli etmək ünün "mülki" Dodge Challenger SRT Hellcat Redeye kupesi hazırlanmışdı. Bu gün Dodge şirkəti "Qırmızı gözün" yeni təfsiri olan Challenger SRT Super Stock kupesini təqdim edib.
Dreq-reysinq yarışlarını təşkil edən NHRA asossiasiyasının standartına görə, Super Stock sinifində seriya modellərinin əsasında yaradılan, lakin ciiddi texniki təkmilləşdirmələri olan avtomobillər çıxış edir. FCA konserni isə, Dodge Challenger SRT Super Stock kupesini ən güclü və sürətli seriya masl-karı olduğunu iddia edir. Lakin, istənilən halda, yeni kupe kiçik seriya ilə istehsal edilmiş Demon modelinin səviyyəsinə çatmır.
Challenger SRT Hellcat Super Stock kupesinin kapotunun altında iki yanacaq nasosu olan 6,2-litrlik kompressorlu V8 Hemi mühərriki yerləşir. Güc qurğusunun hasilatı 818 at qüvvəsi və 958 Nm fırlanma anıdır. Xatırladaq ki, iki il bundan öncə debüt etmiş Redeye modifikasiyasında bu mühərrik 808 at qüvvəsi və 958 Nm fırlanma anı təklif edirdi, Demon kupesi isə 852 at qüvvəsinə və 1044 Nm-ə malik idi. Kupe gücləndirilmiş 8-pilləli avtomatik transmissiya və yüksək sürtünməli diferensial ilə təchiz edilir.
Super Stock versiyası da, Demon kimi xüsusi Track rejiminə malik olan adaptiv asqı sistemi ilə təchiz edilir. Bu rejimdə amortizatorlar "rahatlaşaraq" şinlərin yer səhti ilə təmasını artırmağa yardım edirlər. Bundan başqa, kupe daha effektli start üçün Launch Control sisteminə və arxa şinlərin qızdırılması üçün nəzərdə tutulmuş Line Lock funskiyasına (ön əyləclər sıxılır, arxa təkərlər isə sərbəst qalırlar) malikdir. Standart avadanlıqlara 315/40R18 ölçülü Nitto NT05R dreq şinləri, həmçinin 360 millimetrlik diskləri və dördporşenli mexanizmləri olan Brembo əyləcləri daxildir.
Dodge Challenger SRT Super Stock modeli 60 mil/saat (97 km / saat) həddinə 3,25 saniyəyə sürətlənir. Kupenin maksimal sürəti şinlərə görə elektronika tərəfindən 270 km/saat həddində məhdudlaşdırılıb. Dörddə bir mil məsafəsini qət etməyə 10,5 saniyə tələb olunur - bu, Redeye versiyasından olduğundan 0,3 saniyə az, Demon versiyasında olduğundan isə 0,85 saniyə çoxdur.
Bununla belə, Dodge Challenger SRT Super Stock modelini gündəlik istismar üçün istifadə etmək olar: kupe tamölçülü salona və zəngin avadanlıq siyahısına malikdir. Kupenin tirajı məhdudlaşdırılmayıb. Avtomobilin kütləvi istehsalına payızda başlanacaqdır.