Bu gün Dodge şirkəti yenilənmiş Durango krossoveri və Challenger kupesinin SRT Hellcat Super Stock modifikasiyasının ardınca, Charger sedanının SRT Hellcat Redeye modelini təqdim edib.
Dodge Charger SRT Hellcat Redeye sedanı, amerikan markasının tarixində əfsanəvi mühərriklərdən biri olan 6,2-litrlik V8 Hellcat aqreqatı ilə təchiz edilir. Modifikasiya edilmiş mühərrik 808 at qüvvəsi və 958 Nm fırlanma anı hasil edir. Mühəndislər mühərriki gücləndirilmiş porşenlər və sürgü qolları ilə təchiz ediblər. Əlavə olaraq, klapanlar və kompressor yenilənmiş, soyutma sistemi təkmilləşdirilmişdir. Möhtəşəm gücə malik olan mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır.
Amerikalı mühəndislər avtomobilin asqı sistemini təkmilləşdirərək, onu adaptiv amortizatorlar və 400 millimetrlik diskləri olan Brembo əyləc mexanizmləri ilə təchiz ediblər. Bundan əlavə, avtomobilin enini 90 millimetr artıran xüsusi aerodinamik kuzov dəsti, hava girişi olan yeni kapot və 20-düymlük təkər diskləri hazırlanmışdır. Çoxsaylı dəyişikliklər sayəsində Charger SRT Hellcat Redeye 100 km/saat həddinə 3.5 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti saatda 327 kilometrdir.
Marka tarixindəki ən sürətli seriya sedanına sifarişlərin qəbuluna payızda başlanacaqdır. Sedanın satışlarına gələn ilin yazında start veriləcəkdir. Yeni Charger SRT Hellcat Redeye modelinin son qiyməti hələlik açıqlanmayıb, lakin ilkin məlumatlara görə, onun qiyməti ən azı 80.000 dollar olacaqdır.