Yığcam Dodge Hornet krossoverinin 24 saat bundan əvvəl debüt etməsinə baxmayaraq, bir gün ərzində 14 min öncədən sifariş toplamağa müvəffəq olub. Bunu başlanğıc qiyməti 30 min dollardan az olan Alfa Romeo Tonale ilə unifikasiya edilmiş modelin ilk uğuru barədə məlumatı brendin baş direktoru Tim Kuniskis verib. Cazibədar qiymətə təklif edilən Hornet GT krossoverləri yerli dilerlərin salonlarında bu ilin dekabr ayında peyda olacaqlar.
Hornet GT baza modeli Dodge nümayəndələri tərəfindən 30.000 dollardan ucuz olan ən sürətli və ən güclü krossover kimi təqdim edilir. O, doqquz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 269 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük” ilə hərəkətə gəlir. Sport rejimində krossover yerindən 100 km/saata sürətlənməyə 6,5 saniyə sərf edir.
Krossoverin daha güclü variantı amerikan brendinin tarixindəki ilk elektrikləşdirilmiş avtomobil olan Hornet R/T plagin hibrididir. Hibrid güc qurğunun tərkibinə 1,3-litrlik turbomühərrik, elektrik mühərriki və 6-pilləli “avtomat” daxildir.
Hibrid güc qurğusunun ümumi hasilatı 289 at qüvvəsi və 519 Nm fırlanma anı təşkil edir. Dodge Hornet R/T modeli PowerShot funksiyası aktivləşdirildikdən sonra, 100 km/saat həddinə sürətlənməyə 6,1 saniyə sərf edir.
Dodge modeli FCA Small Wide platformasını, texniki hissəni və salonun əsas elementlərini “əkizi” olan Alfa Romeo Tonale krossoveri ilə bölüşür. İki krossover bamperlərin, radiator barmaqlığının, işıq texnikasının, təkər disklərinin dizaynı və təbii ki, emblemləri ilə fərqlənirlər.
Dodge Hornet modeli Alfa Romeo Tonale krossoveri ilə eyni konveyerdə, Neapoldakı Stellantis zavoddunda yığılacaqdır. Onun baza versiyası ilin sonunadək ABŞ bazarında satışa çıxmalıdır. Hibrid versiya isə, yalnız gələn ilin yazında dilerlər salonlarında nümayiş etdiriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.