Dodge şirkəti Last Call “vida” seriyasının tərkibinə daxil olan daha iki xüsusi maslkarı təqdim edib. Ümumilikdə, bu seriyaya kompressorlu Hellcat da daxil olmaqla, səkkiz silindrli benzin mühərriklərinin dövrünün sona çatdığını bildirən yeddi avtomobil daxildir.

Last Call seriyasına Dodge Challenger və Charger modellərinin yeddi xüsusi versiyası daxil olacaqdır. Onların arasında Challenger Shakedown kupesi və radial dreq şinləri ilə təchiz olunmuş Charger Super Bee sedanı da var.

Növbəti iki avtomobil 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərindəki maslkarları təqlid edən Challenger Scat Pack Swinger və Charger Scat Pack Swinger modelləridir. Hər iki avtomobil 492 at qüvvəsi və 644 Nm fırlanma anı hasil edən 6.4-litrlik V8 HEMI mühərriki və səkkiz pilləli “avtomat” ilə təchiz edilib.

Daha dəqiq desək, müasir Swinger modelləri Dodge Dart Swinger modelindən ilham alınaraq yaradılıblar. Bu yığcam hardtop özündə güclü mühərriki və dəbli dekoru birləşdirirdi. O, qızıl aksentləri olan yaşıl rəngdə (həmişə deyil) kuzova və ağacdan hazırlanmış əlavələr ilə bəzədilmiş interyerə malik idi. Buna görə də, uzaq əcdadları kimi müasir maslkarlar da, Gold School emblemlərini, arxa tərəfdəki qrafikanı və müvafiq interyeri alıblar.

Bundan əlavə, Challenger Scat Pack Swinger və Charger Scat Pack Swinger modelləri 20-düymlük Gold School diskləri, qara rəngli 6-porşenli Brembo əyləc supportları, “ağac” teksturası olan alüminium örtmələri, nappa dərisi və alkantara ilə üzlənmiş oturacaqlar ilə təchiz edilirlər.

Kuzov rənglərinə gəldikdə isə, F8 Green, Sublime Green və ya White Knuckle rəngindən birini seçmək olar. Challenger kupesi həmçinin qızılı rəngli şeyker ilə də təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün Swinger modelləri genişləndirilmiş Widebody kuzovunu alacaqlar. Hər modeldən 1000 ədəd buraxılacaqdır. Last Call seriyasının qalan avtomobilləri 21 sentyabra qədər təqdim olunmalıdırlar.

Növünün son nümayəndəsinin təqdimatı isə, noyabr ayında keçiriləcək SEMA sərgisində təqdim ediləcəkdir. Onun 900 at qüvvəli bioetanol mühərriki ilə təchiz edilmiş Dodge Challenger modelinin olacağı gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.