ABŞ-da Dodge markası ilə bağlı əlamətdar hadisə baş verib. Son 12 ildə ilk dəfədir ki, Dodge brendi altında yeni bir model təqdim olunub! Dodge Hornet krossoveri bu tarixi ad altında buraxılan ən yığcam və əlçatan avtomobil olub. Bununla belə, amerikalılar bütün rəsmi materiallarda yeni avtomobilin mənşəyindən səylə yan keçirlər.
Atalarımız demişkən, “cidanı çuvalda gizlətmək olmaz” və ilk baxışdan yeni Dodge Hornet krossoverinin bu ilin əvvəlində debüt etmiş Alfa Romeo Tonale modelinin üzü dəyişdirilmiş versiyasının olduğunu anlaşılır. Ən maraqlısı odur ki, Alfa Romeo Tonale krossoveri ABŞ bazarında da satılacaqdır.
Dodge Hornet
Hornet (“Eşşəkarısı”) adı Stellantis konserninin zəngin irsindən götürülüb. Hudson Hornet modeli 1950-1957-ci illərdə istehsal edilib, lakin sonra Hudson markası AMC (American Motors Corporation) şirkətinin tərkibinə daxil olub və 1987-ci ildə Chrysler tərəfindən satın alınıb.
İlkin olaraq, Dodge brendi Hornet adından öz avtomobillərinin xüsusi təchizat səviyyələrini işarələmək üçün istifadə edib. 2006-cı ildə isə, Cenevrə avtosalonunda Dodge Hornet konsept avtomobili nümayiş etdirilib. Lakin bu layihə davam etdirilməyib.
Dodge Hornet
4,5 metr uzunluğunda olan yeni Dodge Hornet orijinal Tonale modelindən yalnız zəruri dizayn elementləri ilə fərqlənir. Məsələn, “dimdiyin” əvəzinə fənərlər arasındakı xarakterik üfüqi bir kəsik, stilizə olunmuş gündüz hərəkət işıqlarının və arxa fənərlərin yerinə isə, düz LED zolaqlar tətbiq edilir.
Bundan başqa, Hornet yeni təkər disklərinə və ön bamperə sahib olub, kapotda isə, əlavə hava kanalları quraşdırılıb.
Dodge Hornet
İnteryer də müəyyən dəyişiklər həyata keçirilib. Belə ki, havalandırma sisteminin dəyirmi deflektorlarını beşbucaqlı variantlar əvəzləyib, ön panelin yuxarı örtməsi yenidən işlənilib, mühərriki işə salan düymə isə, sükandan mərkəzi konsola köçürülüb.
10,25-düymlük ekrana malik media sistemi indi Uconnect 5 adlanır, lakin sistemmin özündə heç bir əsaslı dəyişiklik baş verməyib. Baza oturacaqları alkantara ilə üzlənir, əlavə ödəniş müqabilində isə, dəri salonu sifariş etmək olar.
Dodge Hornet
Texniki cəhətdən Hornet və Tonale modelləri eynidirlər, lakin Dodge krossoveri yalnız ən güclü mühərriklər ilə təklif olunur. Dodge Hornet GT baza versiyası 2,0-litrlik Hurricane (GSE seriyası) benzin turbomühərrikinə malikdir, lakin onun gücü 256-dan 269 at qüvvəsinə qədər artırılsa da, fırlanma anı 400 Nm olaraq qalıb.
Krossover doqquz pilləli ZF “avtomatı” və arxa oxda muftası olan tam ötürmə sistemi ilə təchiz edilir. Hornet GT modeli 60 mil/saat (97 km/saat) həddinə 6,5 saniyəyə sürətlənir.
Dodge Hornet
Alternativ kimi, Dodge markasının ilk elektrikləşdirilmiş avtomobili titulunu daşıyan Hornet R/T plagin hibridi təklif olunur. Ön təkərləri altı pilləli “avtomat” ilə tandemdə çalışan GSE seriyasından olan 1,3-litrlik dördsilindrli benzin turbomühərriki, arxa təkərlər isə, ayrıca elektrik mühərriki (122 at qüvvəsi) hərəkətə gətirir.
Hibrid sistemin ümumi hasilatı 289 at qüvvəsi və 519 Nm fırlanma anıdır. Xatırladaq ki, Tonale modelində bu mühərrik 275 at qüvvəsi hasil edir.
Dodge Hornet GT GLH Consept
Akkumulyator blokları mərkəzi tuneldə və arxa divanın altında yerləşir və onların ümumi tutumu 15,5 kilovat-saatdır. Krossover sırf elektrik ötürməsi (yəni arxa ötürməli rejimində) ilə amerikan dövrü üzrə 48 kilometr qət edə bilər. Alfa Romeo Tonale modelində bu göstərici 60 kilometrdir. Batareyanı terminaldan 2,5 saata doldurmaq olar.
Dodge Hornet üçün PowerShot rejimi hazırlanıb ki, bu rejimdə elektrik mühərriki 15 saniyə ərzində əlavə 25 at qüvvəsi hasil edə bilər. Bu halda 60 mil/saat (97 km/saat) həddinə sürətlənmə 6,1 saniyə çəkəcəkdir. Lakin bu rejimi yalnız müəyyən fasilədən sonra yenidən işə salmaq olar: elektrik mühərriki və batareyanın soyuması üçün ən azı 15 saniyə vaxt lazımdır.
Dodge Hornet GT GLH Consept
Alfa Romeo kimi, yeni Dodge da amplitudadan asılı Koni amortizatorları və 17-düymlük təkər diskləri ilə təklif edilir. Hibrid Hornet R/T modeli 18-düymlük təkər diskləri və öndə dördporşenli supportları olan Brembo əyləcləri təchiz olunur.
Əlavə ödəniş müqabilində 20-düymlük təkər diskləri və fərqli dekora malik olan Track Pack dəsti təklif edilir. Amerikan markasının Direct Connection brendi altında təklif etdiyi firma aksessuarları çeşidinin zənginliyini isə, adında “Goes Like Hell” cümləsi şifrələnmiş olan Dodge Hornet GT GLH Consept modeli nümayiş etdirir.
Dodge Hornet modelinin istehsalı İtaliyada, Alfa Romeo Tonale krossoverinin yığıldığı Pomigliano d'Arco zavodunda təşkil ediləcəkdir. Yeni krossover ABŞ bazarında dekabr ayında satışa çıxmalıdır. Hornet GT modelinin qiyməti 30.000 dollardan aşağı olacaqdır. Dodge Hornet R/T plagin hibridi isə, gələn ilin yazında debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.