Dodge şirkəti söz verdiyi kimi, Challenger SRT Demon modeli ətrafında ehtirasları qızışdırmağa davam edir. Bu məqsədlə amerikan istehsalçısı yeni videoçarxı təqdim etmişdir. Çarxda "Şeytanın" bir sıra kuzov elementləri və mühərrikin səsi nümayış etdirilmişdir.
Hal-hazırda, avtomobilin genişləndirilmiş daha aqressiv kuzov dəstini və xüsusi olaraq bu model üçün hazırlanmış 315/40R18 Nitro NT05R təkərləri (dreq üçün) əldə edəcəyi məlumdur. Amerikalılar yeni avtomobilin istehsalçının ən radikal modeli olacağını da bildirmişdirlər. Eyni zamanda, Demon modelinin ən güclü Challenge SRT Hellcat modifikasiyasından 91 kiloqram (təxmini olaraq 1927 kiloqram) az çəkiyə malik olacağı bildirilmişdir.
Dodge şirkəti modelin aprel ayında Nyu-York avtosalonunda keçiriləcək təqdimatına qədər hər həftə bir videoçarx dərc etmək fikrindədir. Xatırladaq ki, Dodge Challenger SRT Hellcat modeli kompressorlu 6,2-litrlik səkkiz silindrli mühərriklə təchiz edilmişdir. Mühərrik 717 at qüvvəsinə və 881 Nm fırlanma anına malikdir. «Bərkgedən» kupe 96 km/saat sürətini 3,5 saniyəyə toplayır, onun maksimal sürəti isə 320 km/saatdır.
