Dodge şirkəti Hornet modelini buraxmaq planlarından əl çəkməyib. Alfa Romeo Tonale modelinin əsasında yaradılacaq yeni model krossoverə çevriləcək, eyni zamanda, amerikan brendinin ilk plagin hibridi olacaqdır. Yeni Dodge Hornet krossoverinin debüt bu ilin yayına planlaşdırılıb. Benzin-elektrik güc qurğusu ilə yanaşı, krossover doqquz pilləli “avtomat” və tam ötürmə ilə birlikdə çalışan 2,0-litrlik “turbodördlüyü” də alacaqdır.

Dodge şirkətinin baş direktoru Tim Kuniskisin sözlərinə görə, krossover avqust ayında nümayiş etdiriləcək, lakin elektron komponentlərin tədarükündəki fasilələr səbəbindən onun bazar debütü qeyri-müəyyən müddətə təxirə salına bilər.

Hornet modelinin mühərrik çeşidinin Tonale ilə oxşar olacağı gözlənilir. Krossoverin baza versiyası 260 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrikə, doqquz pilləli “avtomata” və tam ötürmə sisteminə malik olacaqdır. Həmçinin, krossover üçün 1,3 MultiAir mühərriki, altı pilləli “avtomatı” və 90 kilovatlıq elektrik mühərriki olan PHEV qurğusunu təklif edəcəklər. Hibrid qurğunun gücü 276 at qüvvəsi, elektrik ötrüməsi ilə yürüş məsafəsi isə 48 kilometr olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.