Dodge şirkəti Viper superkarının beş xüsusi modifikasiyasını hazırlamışdır. Bu modifikasiyalar Dodge Viper modelinin 25 illik yubileyinə və eyni zamanda onun buraxılışının bitməsinə həsr edilmişdir. Xüsusi modifikasiyalardan dördü trek üçün nəzərdə tutulmuş ACR variantının bazasında hazırlanmışdır. Bu avtomobillər 645 at qüvvəli 8,4-litrlik on silindirli atmosfer mühərriki ilə təchiz ediləcəkdir.
Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir. Dodge Viper superkarının standart variantı 654 qüvvəli mühərriklə hərəkətə gəlir ki, bu da superkara 100 km/saat həddinə üç saniyəyə sürətlənmək imkanı verir.
İlk xüsusi modifikasiya olan 1:28 Edition ACR, superkarın Laguna Seca avtodromunda qeydə aldığı dövrə redorduna ithaf edilmişdir. Keçən ilin oktyabr ayında amerikalı pilot Rendi Pobstun idarə etdiyi avtomobil bu trekdəki dövrəni 1 dəqiqə 28 saniyəyə başa vurmuşdur. Bu seriyadan olan avtomobillərdən 28 ədəd istehsal etmək nəzərdə tutulur.
Digər modifikasiya VoooDoo II adlanır və 2010-cu ilin VooDoo Edition modelinə həsr edilmişdir. Həmin model qara rəngə boyanmışdı və kuzov boyu yapışdırılmış qırmızı haşiyəli gümüşü zolaqlara malik idi.

Bundan əlavə, avtomobil təkmilləşdirilmiş aerodinamik kuzov dəsti və karbondan hazırlanmış əyləc mexanizmləri ilə təchiz edilirdi. Yeni modifikasiyanın tərtibatı da orijinal modelin üslubunda olacaqdır və bu seriyadan olan cəmi 31 avtomobil istehsal ediləcəkdir.
Üçüncü modifikasiya GTS-R Commemorative Edition adlanır ki, bu variant da 1998-ci ilin “Vayper”lərindən olan GTS-R GT2 Championship Edition modelinə ithaf edilmişdir.
Yeni modifikasiyadan olan superkar ağ rəngə boyanmiş və mavi rəngli zolaqları olan kuzova malik olacaqdır.
Avtomobil digərlərindən iri antiqanadı olan ekstremal kuzov dəsti, karbondan hazırlanmış xarıcı tərtibat elementləri və avtomobilin məhdud seriyaya aid olduğunu göstərən emblem və lövhəciklərlə təchiz ediləcəkdir.
Bu modifikasiyadan 100 ədəd buraxılması nəzərdə tutulmuşdur.

Xüsusi variantlar arasında iri antiqanadlı kuzov dəstinə malik olmayan modifikasiya Snakeskin Edition GTC adlanır. Bu modifikasiya 2010-cu ilin eyni adlı modelinə həsr edilmişdir. Yaşıl rəngə boyanmış avtomobil kuzov boyu yapışdırılmış iki qara zolağa, əlavə aerodinamik elementlər dəstinə, qara interyerə və avtomobili fərdi nömrəsinin qeyd olunduğu lövhəciyə malik olacaqdır. Bu “Vayper”lərdən 25 ədəd istehsal ediləcəkdir.
Sonuncu modifikasiya “diler” variantıdır ki, bu modifikasiyanı ən yaxşı satış nəticələri göstərmiş iki salonda – Texas və İllinoysdakı diler mərkəzlərində əldə etmək mümkün olacaqdır. Bu modifikasiya mavi zolaqlı ağ kuzova, genişləndirilmiş kuzov dəstinə və karbondan hazırlanmış əyləclərə malik olacaqdır. Belə avtomobillərdən 33 ədəd buraxılacaqdır. Xüsusi modifikasiyalar sifariş 24 iyundan başlayaraq qəbul ediləcəkdir.