Amerika Birləşmiş Ştatlarının yeni prezidenti olan Donald Tramp üçün hazırlanan limuzinin kamuflyaja bürünmüş prototipi cəsusların obyektivinə tuş gəlmişdir. Beast («Vəhşi heyvan») adlandırılan avtomobil Barak Obamanın Cadillac One limuzinini əvəzləməlidir. Prototipin şəkillərini Motor1 saytı dərc etmişdir.
Bir nömrəli avtomobil həqiqətən də adına layiqdir: onun iri ölçülərə malik olması, avtomobillə yanaşı dayanmış və heç də kiçik ölçüləri ilə seçilməyən Chevrolet Suburban ofroderi ilə müqayisədən bəllidir. Yeni avtomobilin Cadillac markasının müasir dizayn üslubunda görünüşə və Escalade modelinin cizgilərinə sahib olacağını müşahidə etmək olar. Əlbəttə ki, zirehli avtomobilin çəkisi və dinamik xarakteristikaları dövlət sirri olaraq qorunur.
Bununla belə, onun 6,8 tondan 9 tona qədər çəkiyə malik olacağı haqda şaiyələr dolaşmaqdadır. Avtomobil yüksək davamlıqlı şassiyə, istənilən növ hücumdan müdafiəni təmin edən zirehə, müasir təhlükəsizlik və yüksək texnologiyalı kommunikasiya sistemlərinə sahib olacaqdır. Avtomobil, istismara getməzdən əvvəl üç mərhələli sınaqlardan keçməlidir. Şəkillərdən göründüyü kimi, avtomobil sınaq testlərinin final mərhələsini keçməkdədir.