Çinin Dongfeng şirkəti orta ölçülü Haoji krossoverini nümayiş etdirib. Krossover şirkətin böyük ümidlər bəslədiyi Aeolus subbrendi altında satışa çıxacaq və Stellantis ittifaqının CMP modul arxitekturasının təkmilləşdirilmiş versiyası olan DSMA (Dongfeng Superior Modular Architecture) platformasına əsaslanan ilk krossover olacaqdır. Aeolus Haoji modeli həm daxiliyanma mühərrikini, həm də hibrid güc qurğusunu, habelə müasir elektrik konseptlərinə xas olan dəbli interyeri əldə edib.
Aeolus Haoji modelinin ön tərəfində şaquli lamelləri olan böyük radiator barmaqlığını, ikimərtəbəli optikanı və işıqlandırılan loqotipi, arxa tərəfdə isə, işıqlanan xətt ilə birləşmiş fənərləri və arxa şüşənin üstündəki oyma spoyleri görmək olar.
İndiyə qədər yalnız dizayn eskizlərində (olduqca təfərrüatlı olsa da) nümayiş etdirilən salonda vitual cihazlar panelinin və multimedia sisteminin ekranlarını özündə birləşdirən iri displey olan futuristik ön panel diqqəti çəkir.
Bundan başqa, salonda “kəsilmiş” alt hissəsi olan ikiqollu sükan çarxı, klimat-kontrol sisteminin nazik sensorlu idarəetmə paneli də var. Mərkəzi tuneldə qadcetlərin simsiz doldurması üçün meydança da nəzərdə tutulub.
Krossover müstəqil arxa asqıya malikdir, onun mühərrik çeşidinə isə, Aeolus Yixuan Max sedanından götürülmüş 190 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən benzin turbomühərriki daxil olacaqdır.
Güc aqreqatı, yeddi pilləli "robot" ilə tandemdə çalışır. Eyni zamanda, Haoji modeli eyni mühərrikin əsasında yaradılmış benzin-elektrik qurğusunu da əldə edəcəkdir. Çox güman ki, ötürmə yalnız ön oxa olacaqdır.
Aeolus Haoji modeli haqqında ətraflı məlumat yaxın zamanlarda açıqlanmalıdır. Yeni krossoverin Çindəki satışlarına cari ilin ikinci yarısında başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.