Hollandiyada yerləşən sportkar istehsalçısı Donkervoort şirkəti D8 GTO modelinin ən ekstremal variant olan Donkervoort D8 GTO RS sportkarının 182 min avroluq xüsusi modifikasiyasını təqdim etmişdir.
Adına Bare Naked Carbon Edition əlavəsini almış avtomobilin kuzovunun 95 faizi, həmçinin interyerin elementlərinin əksər hissəsi və oturacaqların karkası karbondan hazırlanmışdır. Nadir Donkervoort avtomobillərdən biri olacaq RS Bare Naked Carbon Edition modifikasiyasından 15 ədəd buraxılacaqdır. Avtomobil xüsusi Donkervoort Monte Carlo Blue Carbon rənginə boyanmışdır ki, bu unikal boya karbon liflərini nəinki gozlətmir, hətta onların effektindən həzz almağa imkan verir.
Donkervoort D8 GTO RS modelinin buraxılacağı keçən ilin may ayında anons edilmişdi. O zaman istehsalçı avtomobil haqqında heç bir məlumat verməmişdi. Hazırda Donkervoort nümayəndələri, D8 GTO RS modelinin istehsalçının model cərgəsində, şirkətinin öz texnologiyası əsasında karbondan hazırlanmış detallardan istifadə edən ilk avtomobil olduğunu bildirmişdirlər. Sportkar Audi şirkətinin 2,5-litrlik beş silindrli turbomühərriki ilə təchiz edilmişdir.
"Avro-6” standartlarının tələblərinə uyğunlaşdırılmış mühərrik 375 at qüvvəsinə malikdir və iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır. Hollandiyalılar yeni modelin sələfindən “çox yeyin” olduğunu iddia etsələrdə dəqiq rəqəmləri səsləndirməmişdirlər.
Bundan başqa, şirkət nümayəndələri yeni aerodinamik elementlərin hesabına yerə basma gücünün hər iki ox üçün 50 kiloqram artıdığını bildirmişdilər.
Avtomobilin aerodinamik müqavimət əmsalı da 20 faiz azaldılmışdır. RS variant həmçinin yenidən tənzimlənmiş asma və tam tənzimlənən ABS və trekşn-kontrol ilə təchiz edilir.
Cəmi 65 ədəd D8 GTO RS modeli istehsal ediləcəkdir ki, bunlardan 40 ədədi “standart”, 15 ədədi rənglənməmiş karbondan hazırlanmış kuzovla olacaqdır. Qalan 10 avtomobil ümumi yollar üçün nəzərdə tutulmuş sekvental ötürmələr qutusu ilə təchiz edilmiş “yarış” variant olacaqdır.
Qeyd etmək lazımdır ki, artıq 42 avtomobil öz sahibini tapmışdır.