Hollandiyanın Donkervoort şirkəti istehsal etdiyi D8 modelinin ən ekstremal variantı olan D8 GTO-RS avtomobilini təqdim etmişdir. Hollandiyalılar bu avtomobili 2005-ci ildə Nurburqrinq trekinin «Şimal ilgəyində» rekorda (7 dəqiqə 14,89 saniyə) imza atmış D8 RS modelinin xələfi kimi səciyyələndirirlər. Onların sözlərinə görə, Donkervoort D8 GTO-RS standart modelə nisbətən «daha acığlı, ekstremal və bir balaca iri» olacaqdır. Rodsterin dərc edilmiş təsvirlərinə nəzər salsaq, onun dəyişdirilmiş ön hissə və təkmilləşdirilmiş aerodinamik parçalar dəsti ilə təchiz edildiyini görmək olar.
Rodster Audi şirkətinin istehsalı olan və Bosch firmasının optimallaşdırılmış idarəetmə bloku ilə təchiz edilmiş 2,5-litrlik beşsilindirli turbomühərriki ilə hərəkətə gəlir.
Donkervoort şirkətindən mühərrikin texniki göstəricilərini və dinamik xarakterisikalarını açıqlamasalar da, rodsterin «sürücünün yaxşılaşdırılmış sürətlənmə və idarələnmədən həzz alacağını» bildirmişdilər.
Xatırladaq ki, Donkervoort D8 GTO modelinin ekstremal variantı olan Bilster Berg versiyasının mühərrikinin gücü 380 at qüvvəsi təşkil edirdi.
Sportkar 100 km/saat həddini 2,8 saniyəyə toplayır və 270 km/saat maksimal sürətə malikdir. Yeni ekstremal rodsterin kütləvi təqdimat mərasimi bu ilin yay aylarında baş tutmalıdır.
Satış qiyməti 151200 avro olacaq avtomobildən 40 ədəd istehsal ediləcəkdir. Artıq Holland şirkətinə rodsteri əldə etmək istəyən şəxslərdən 21 sifariş daxil olmuşdur.