Yeni nəsil Mitsubishi Outlander krossoveri bu ilin əvvəlində debüt edib. Hazırda yapon istehsalçısının istehsal proqramında yalnız ABŞ bazarında satılan benzin versiyası mövcuddur. Bununla belə, avtoistehsalçı doğma Yaponiya bazarı üçün Mitsubishi Outlander PHEV hibridini hazırlamaq qərarına gəlib. Hibrid krossoverin debütü bu ilin qışında baş tutmalıdır. Hələlik isə, hibrid krossoverin iki tizeri və baza məlumatları dərc edilib.

Mutsubishi Outlander PHEV krossoverinin yeni nəsil hibrid sistemə sahib olacağı bildirilir.Hibrid qurğu daha güclü elektrik mühərriklərinə və artırılmış tutumu olan dartma batareyasına sahib olacaqdır. Bu səbəbdən də, avtomobilin dinamikasında və yürüş məsafəsində irəliləyiş gözlənilir.

Komponentləri və elementləri optimallaşdırılmış yeni platforma, ilk dəfə olaraq, hibrid qurğulu Outlander modelini yeddi nəfərlik salonla təchiz etməyə imkan verəcəkdir. Xatırladaq ki, hazırki PHEV versiyasında yalnız iki oturacaq cərgəsi var.

Başqa detallar açıqlanmayıb. Ancaq yeni Outlander modelinin Nissan X-Trai /Rogue krossoveri ilə eyni platformada inşa edildiyini xatırlatmaqda fayda var. Məlum olduğu kimi, keçən yazıda e-Power güc qurğusu ilə təchiz edilmiş X-Trail hibridinin buraxılacağı bildirilmişdi.

Bu qurğu sırf Nissan şirkətinin məhsuludur və artıq bir neçə ildir ki, yapon istehsalçısının digər modellərində tətbiq edilir. Bu sistem yalnız ardıcıl rejimdə işləyir: təkərləri elektrik mühərriki hərəkətə gətirir, üçsilindrli 1.5 VC-Turbo benzin mühərriki isə, yalnız generator rejimində çalışır.

Belə hibrid sistemin Outlander üçün uyğunlaşdırılacağını daha məntiqli görünə bilər. Xatırladaq ki, yola saldığımız Mitsubishi Outlander PHEV modeli daha mürəkkəb hibrid qurğuya malik idi. Sistem benzin mühərrikini birbaşa aparıcı təkərlərə bağlayaraq həm ardıcıl, həm də paralel rejimdə işləyə bilərdi.

Bununla birlikdə, Renault-Nissan-Mitsubishi alyansının mövcud strategiyası qurğu və komponentlərin maksimum unifikasiyasını nəzərdə tutur. Buna görə də, vahid platforma üçün iki müxtəlif hibrid sistemin təklif edilməsindən söhbət belə gedə bilməz.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.