MotoGP çempionatının yeni mövsümünün ilk Qran Prisi Ducati və Honda pilotlarının mübarizəsi, həmçinin Andrea Dovitsiozonunun qələbəsi ilə yadda qalıb. Yarış keçən ilkinə oxşar olub – yarışın sonuncu dövrələrində Andrea Dovitsiozo ilə Mark Markesin dəlicəsinə qarşıdurması şəraitində keçib. Qalib yenə də italiyalı pilot olub.
Andrea yarışın gedişatına ilk anlardan nəzarət etsə də, sona iki dövrə qalmış səhvə yol verib və liderliyi əldən verib. Lakin, Ducati baykının əsas üstünlüyü olan güclü mühərrik və düzlüklərdəki sürətindən istifadə edən Dovitsiozo, sona bir dövrə qalmış finiş-start düzlüyündə rəqibini arxada qoymağı bacarıb.
Bundan sonra rəqiblər bir neçə dəfə yerdəyişmə ediblər, lakin son dövrədə Markesin etdiyi hücum, onu trayektoriyadan kənara çıxmağa məcbur edib. Nəticədə Dovitsiozo 0,023 saniyə üstünlüklə qalib gəlib.
Keçən ilki Avstraliya Qran Prisində ciddi qəza keçirmiş və dizindən zədə alaraq bir neçə yarışı buraxmış Kel Kratçlou, yarışı üçüncü yerdə bitirərək möhtəşəm qayıdışa imza atıb. LCR Honda pilotu podiumun son pilləsi uğrunda Suzuki pilotu Aleks Rinslə çətin mübarizə apararaq, bu mübarizənin qalibi olub. Aleks Rins bir müddət liderlik etsə də, sona yaxın tempi itirməyə başlayıb. Çox güman ki, buna şinlərin tez yeyilməsi səbəb olub.
Beşinci yerdə damalı bayrağı keçən pilot Valentino Rossi olub. Daha yumşaq şinləri seçmiş Danilo Petruççi hətta Markesi keçərək üçüncü yerdə də yüksəlsə də, sonunda altıncılıq ilə barışıb. Poulun sahibi olan Mverik Vinyales ilk döngədə bir neçə mövqe itirərək, liderlərin mübarizəsində iştirakdan kənar qalıb və yeddinci olaraq yarışı bitirib.
Debütantlar arasında ən yaxşı nəticəni Xoan Mir əldə edib. Suzuki komandasının ispan pilotu dördüncülüyə qədər yüksəlsə də, sonra səkkizinci yerin sahibi olub. İlk onluğu Takaaki Nakaqami və Aprilia pilotu Aleş Esparqaro tamamlayıb. Cek Miller ilk dövrələrdə ikinci olsa da, sonradan ciddi yavaşlayıb və ilk onluğun sonuna düşüb. Sonra isə, oturacaq problemi ucbatından yarışdan çıxmalı olub. Həftəsonu iki dəfə yıxılan Xorxe Lorenzo yarışda zəif çıxış edib və 13-cü yerdə finiş görüb.