Alfa Romeo şirkəti Luna Rossa yelkənli idman komandası ilə əməkdaşlıq çərçivəsində hazırlanan xüsusi Edizione Luna Rossa seriyasını təqdim edib. Yeni seriya Junior, Tonale, Giulia və Stelvio modellərini əhatə edir və İtaliya markasının dizayn ənənələrini Amerika Kuboku yarışlarının estetikası ilə birləşdirir.
Yeni versiyalar hər modelin çeşidində, Quadrifoglio modifikasiyaları istisna olmaqla, ən yüksək təchizat səviyyəsində yerləşəcək. Dəyişikliklər əsasən eksteryer və interyer dizaynına, həmçinin təchizata aiddir.
Junior və Tonale modelləri Luna Rossa komandasının xilasedici jiletlərinin rəngindən ilhamlanan boz kuzov boyası, yan hissələrdə qırmızı zolaq və xüsusi loqotiplərlə seçilir. Xarici dekor elementlərinin bir qismi parlaq qara rəngdə işlənib.
Junior 18 düymlük, Tonale isə 20 düymlük xüsusi dizaynlı qara disklərlə təchiz edilir.
Salonlarda Luna Rossa loqotipləri, yelkənlərin quruluşunu xatırladan dekorativ elementlər və boz-qara rəng çalarları tətbiq olunub. Hər iki modelin oturacaqlarında 3D Knit texnologiyası ilə hazırlanmış üzlükdən istifadə edilir.
Giulia və Stelvio versiyalarında əsas diqqət karbonplastik detallara yönəldilib. Hər iki model standart olaraq ağ rəngdə təklif edilir, qara və qırmızı kuzov rəngləri isə əlavə seçim kimi əlçatandır.
Giulia modelində karbon lifindən hazırlanmış yan ətəklər, arxa spoyler və radiator barmaqlığının çərçivəsi diqqəti cəlb edir. Hər iki avtomobilin yan güzgülərində Luna Rossa loqotipləri yerləşdirilib.
Giulia 19 düymlük, Stelvio isə 21 düymlük tünd rəngli disklərlə təchiz olunur. Qırmızı əyləc supportları avtomobillərin idman üslubunu tamamlayır. Salonlarda da karbonplastikdən dekor elementləri və xüsusi Luna Rossa oturacaqları yer alır.
Edizione Luna Rossa versiyaları müvafiq modellərin mövcud mühərrik çeşidini saxlayır. Junior hibrid və elektrik, Tonale isə hibrid və plagin hibrid güc qurğuları ilə təklif ediləcək. Giulia və Stelvio modelləri 276 at gücünə malik versiyalara əsaslanır.
Junior və Tonale modellərində Harman Kardon səs sistemi və elektron idarə olunan asqı sistemi standart təchizata daxil edilib. Giulia elektrik lyukla təchiz olunur, Stelvio üçün isə bu avadanlıq əlavə seçim olaraq qalır.
Alfa Romeo Edizione Luna Rossa versiyalarına sifarişləri 2026-cı il dekabrın 1-dən qəbul etməyə başlayacaq. İlk avtomobillərin müştərilərə 2027-ci ilin əvvəlində çatdırılması gözlənilir.
Qiymətlər hələlik açıqlanmayıb. Yeni versiyaların Sport Speciale və Veloce komplektasiyalarından bir qədər baha olacağı gözlənilir.
AUTOGRAPH NOTE
Edizione Luna Rossa seriyası Alfa Romeo-nun idman irsini yelkənli yarışların vizual dünyası ilə birləşdirir. Burada əsas yenilik mühərrik gücündə deyil, xüsusi dizayn və təchizat elementlərindədir.
2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.











