Mercedes-AMG yeni elektrik krossoveri ilə güc və sürətli şarj sahəsində iddialı göstəriciləri ortaya qoyur. AMG GT SUV modelinin ən “bərkgedən” versiyası 1153 at gücü hasil edir, 100 km/saata 2,7 saniyəyə sürətlənir və 710 kVt gücündə sabit cərəyanlı (DC) şarjı dəstəkləyir. Yeni model üç versiyada təklif olunacaq, GT55 və GT63 versiyaları isə 128 kVt/saatlıq daha böyük batareya ilə də sifariş edilə bilər.
AMG GT SUV markanın yeni AMG.EA elektrikli platforması əsasında hazırlanıb. Dizayn baxımından o, AMG GT 4-Door Coupe modelinə bənzəyir, lakin daha hündür kuzova və SUV-a xas proporsiyalara malikdir.
Geniş təkər izi, əzələli təkər tağları, relyefli kapot və şaquli işıq elementləri ilə işlənmiş AMG radiator barmaqlığı avtomobilin idman xarakterini vurğulayır. Ön hissədə hava axınını tənzimləyən aktiv jalüzlər, GT55 və GT63 versiyalarında isə avtomatik tənzimlənən arxa spoyler quraşdırılıb.
Avtomobilin uzunluğu 5084, eni - 1959, hündürlüyü -1656, təkər bazası isə 3040 millimetrdir. Müqayisə üçün, AMG GT 4-Door Coupe eyni təkər bazasına malik olsa da, daha alçaq kuzovu ilə seçilir.
Salonda sürücüyə yönəlmiş kokpit quruluşu tətbiq edilib. Burada 10,2 düymlük rəqəmsal cihazlar paneli və 14 düymlük mərkəzi sensorlu ekran yerləşir. Ön sərnişin üçün əlavə 14 düymlük ekran sifariş etmək mümkündür.
Panoram şüşə damın şəffaflığını dəyişmək mümkündür. Baqajın həcmi arxa oturacaqların vəziyyətindən asılı olaraq 607–1740 litr təşkil edir, ön baqaj bölməsi isə əlavə 78 litr həcm təklif edir.
Model üç versiyada təqdim olunur: GT53, GT55 və GT63. Giriş səviyyəli GT53 hər oxda bir olmaqla iki elektrik mühərriki ilə təchiz edilib. Bu versiyada radial maqnit axınlı daimi maqnit mühərriklərindən istifadə olunur.
Arxa mühərrik iki pilləli transmissiya ilə birləşdirilib: qısa ötürməli birinci pillə sürətli starta, uzun ötürməli ikinci pillə isə yüksək sürətlərdə enerji sərfiyyatının azaldılmasına xidmət edir. Ön mühərrikə ehtiyac olmadıqda onu sistemdən ayırmaq mümkündür.
GT55 və GT63 versiyalarında isə üç oksial maqnit axınlı elektrik mühərriki quraşdırılıb. Onlardan biri ön, ikisi arxa oxda yerləşir. Ön mühərrik lazım olmadıqda ayrılaraq enerji sərfiyyatını azaldır, arxadakı iki mühərrik isə fırlanma anının təkərlər arasında çevik bölüşdürülməsinə imkan verir. Bu sistem döngələrdə idarəetməni və dartmanı yaxşılaşdırmağa hesablanıb.
GT53-ün gücü 400 kVt (544 at gücü), fırlanma anı isə 800 Nm-dir. O, 100 km/saata 4,2 saniyəyə sürətlənir və 230 km/saat maksimal sürət yığır. GT55 600 kVt (816 at gücü) və 1860 Nm fırlanma anı hasil edir; 100 km/saata 3,1 saniyəyə çatır.
GT63 isə 860 kVt (1169 at gücü) gücə və 2000 Nm fırlanma anına malikdir, 100 km/saata 2,7 saniyəyə sürətlənir. GT55 və GT63 modellərinin maksimal sürəti standart olaraq 230 km/saatdır, Driver’s Package paketi ilə isə 270 km/saata yüksəlir. GT53 üçün də bu paket maksimal sürəti 250 km/saata çatdırır.
Batareyanın tutumu versiyadan asılıdır. GT53 standart olaraq 106 kVt/saatlıq batareya ilə təchiz edilir. GT55 və GT63 üçün isə 106 və ya 128 kVt/saatlıq batareya seçimi nəzərdə tutulub.
Daha böyük batareya silindrik, 26105 formatlı hüceyrələrdən ibarətdir: onların diametri 26, hündürlüyü isə 105 millimetrdir. Hüceyrələr elektrik keçiriciliyi olmayan soyuducu maye ilə birbaşa soyudulur. Katodda nikel, kobalt, manqan və alüminiumdan ibarət NCMA kimyası, anodda isə silisium əlavəli qrafit istifadə olunur.
Şarj imkanları modelin əsas üstünlüklərindən biridir. 106 kVt/saatlıq batareya maksimum 600 kVt, 128 kVt/saatlıq batareya isə 710 kVt gücündə şarj qəbul edə bilir. İstehsalçının məlumatlarına əsasən, 10%-dən 80%-ə qədər şarj təxminən 11–12 dəqiqə çəkir.
Daha böyük batareya üçün bu intervalda orta şarj gücü 448 kVt-a çatır. Bununla belə, maksimum göstəricilərdən yararlanmaq üçün uyğun yüksək güclü şarj infrastrukturu tələb olunur.
WLTP ölçmə dövrünə əsasən, GT53 bir şarjla 597–668 kilometr məsafə qət edə bilər. GT55 və GT63 modellərində 106 kVt/saatlıq batareya ilə yürüş ehtiyatı 525–585 kilometr, 128 kVt/saatlıq batareya ilə isə 620–700 kilometr təşkil edir. Enerji sərfiyyatı versiyadan və batareyanın tutumundan asılı olaraq 100 kilometrə 18,8–23,8 kVt/saat arasında dəyişir.
Asqı sistemində də AMG-yə xas idman texnologiyalarına yer verilib. GT63-də standart, GT55-də isə əlavə avadanlıq kimi təklif olunan AMG Active Ride Control+ sistemi hidravlik amortizatorlardan və tənzimlənən pnevmatik yaylardan istifadə edir.
Sistem döngələrdə kuzovun yana əyilməsini, əyləcləmə zamanı ön hissənin aşağı enməsini və sürətlənmə zamanı yuxarı qalxmasını azaltmağa çalışır. Eyni zamanda, uzun səfərlərdə və nahamar yollarda komfortun qorunması hədəflənir. Arxa təkərlərin dönmə sistemi də manevr qabiliyyətini yaxşılaşdırır.
GT63-də standart olan AMG Dynamic Plus paketi GT55 üçün əlavə seçimdir. Paketə daxil olan AMG Race Engineer sistemi sürücüyə üç fırlanan tənzimləyici vasitəsilə mühərriklərin reaksiyasını, avtomobilin davranışını və dartma parametrlərini dəyişməyə imkan verir.
Elektrik krossoveri ənənəvi AMG modellərinin emosional xarakterini də imitasiya etməyə çalışır. AMGforce Sport+ rejimində GT53 altısilindrli, GT55 və GT63 isə V8 mühərrikini xatırladan süni səs yaradır.
Sükan arxasındakı ləçəklərlə virtual pillə dəyişmələrini idarə etmək, oturacaqlardakı süni vibrasiyalar və xüsusi göstəricilər vasitəsilə ənənəvi idman avtomobili təəssüratı yaratmaq mümkündür. Race rejimi Drift Mode və Launch Control funksiyalarını da əhatə edir.
Mercedes-AMG GT53 SUV-un Almaniyadakı başlanğıc qiymətinin 113 050 avro olduğunu açıqlayıb. Bu, AMG GT 4-Door Coupe versiyasından 2380 avro bahadır. GT55 və GT63 versiyalarının satışa çıxması isə 2027-ci ilin yazına planlaşdırılır. Daha güclü modellərin qiymətləri hələlik açıqlanmayıb.
AUTOGRAPH NOTE
710 kVt: təsiredici rəqəm, amma hər şarj stansiyasında mümkün deyil
Mercedes-AMG GT SUV-un 128 kVt/saatlıq batareyası 710 kVt-dək güclə şarj qəbul edə bilir. Bu, elektromobillər üçün olduqca yüksək göstəricidir. Lakin belə sürətə çatmaq üçün yalnız avtomobilin deyil, şarj stansiyasının da uyğun gücə malik olması lazımdır. Üstəlik, 710 kVt batareyanın bütün şarj prosesi boyunca sabit saxlanılan güc deyil, maksimum göstəricidir. Faktiki şarj sürəti batareyanın doluluğundan, temperaturundan və stansiyanın imkanlarından asılıdır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.












