Renault şirkəti 1964-cü ilin əfsanəvi Renault 8 Gordini modelini müasir üslubda yenidən canlandıran retro-futuristik konsepti təqdim edib. Tamamilə elektriklə hərəkət edən yeni konsept fransız markasının idman avtomobilləri irsinə ehtiram əlaməti olaraq hazırlanıb.
Yeni Renault 8 Gordini konsepti orijinal modelin tanınan dizayn elementlərini qoruyub saxlayır. Fransanın ənənəvi mavi rəngi, iki ağ zolaq, dördlü ön fənərlər və bucaqlı kuzov forması klassik Gordini üslubunu müasir interpretasiyada təqdim edir.
Bununla belə, konsept orijinal dördqapılı sedanın birbaşa surəti deyil. Dizaynerlər avtomobilə daha idman xarakteri vermək üçün ikiqapılı kuzovu seçiblər. Klassik üçhəcmli siluet genişləndirilmiş təkər tağları, iri arxa diffuzor və fərqli ölçülü disklərlə tamamlanıb.
Avtomobilin uzunluğu cəmi 4,12 metrdir. Ön təkərlərdə 19, arxa təkərlərdə isə 20 düymlük disklər quraşdırılıb. Arxa fənərlər lazerlə işlənmiş pleksiqlas təbəqəsinin altında yerləşdirilib və avtomobil söndürüldükdə demək olar ki, görünmür.
Salonun dizaynında minimalist yanaşma üstünlük təşkil edir. Böyük multimedia ekranı əvəzinə klassik dairəvi cihazlar, cilalanmış alüminiumdan hazırlanmış cihazlar paneli və mərkəzi konsol seçilib. Mavi rəngli korduroy materialından oturacaqlarda və cihazlar panelinin aşağı hissəsində istifadə olunur. Alkantara və dəri örtüklər, üçmilli sükan çarxı isə interyerin idman xarakterini tamamlayır.
Renault 8 Gordini konsepti 266 at güclü elektrik mühərriki ilə təchiz olunub. Güc arxa təkərlərə ötürülür. Müqayisə üçün, 1964-cü il orijinal modeli 1,1-litrlik, dördsilindrli mühərrikə malik idi. Təxminən 95 at gücünə malik olan həmin avtomobil də arxa ötürməli idi, lakin mühərrik kuzovun arxa hissəsində yerləşirdi.
Yeni konseptin batareya tutumu, yürüş ehtiyatı və digər texniki göstəriciləri hələlik açıqlanmayıb. Onun Alpine tərəfindən hazırlanmış alüminium platformadan istifadə edə biləcəyi ehtimal olunur, lakin bu məlumat təsdiqlənməyib.
Renault 8 Gordini hazırda yeganə nüsxədə inşa edilmiş konsept avtomobildir və onun seriya istehsalı nəzərdə tutulmayıb. Bununla belə, Renault konseptin gələcəkdə seriya modelinə çevrilməsi ehtimalını tamamilə istisna etmir. Avtomobil 2026-cı ilin oktyabrında keçiriləcək Paris avtosalonunda nümayiş etdiriləcək.
AUTOGRAPH NOTE
Renault 8 Gordini konsepti markanın tarixi irsini elektrikli gələcəklə birləşdirən dizayn layihəsidir. Onun əsas məqsədi Renault markasının idman xarakterini və emosional tərəfini nümayiş etdirməkdir.
2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.











