Volkswagen elektromobillərin səmərəliliyi sahəsində yeni rekordlara imza atmağa hazırlaşır. Şirkətin təqdim etdiyi Mission Efficiency konsepti cəmi 0,158 aerodinamik müqavimət əmsalına malikdir. Volkswagen bu göstəricinin konsepti tarixdə ən aerodinamik yol avtomobili etdiyini bildirir.

Modelin əsas məqsədi yüksək güc və sürət deyil, enerjidən maksimum səmərəli istifadədir. Bu baxımdan Mission Efficiency, markanın 2013-cü ildə təqdim etdiyi ultraqənaətcil XL1 modelinin elektrikli davamçısı kimi görünür.

Aerodinamikada yeni rekord

Mission Efficiency-nin kuzovu külək tunelində hazırlanmış eksperiment avtomobilini xatırladır. Uzun və alçaq siluet, arxaya doğru daralan kuzov, örtülü arxa təkərlər və uzadılmış dam xətti hava müqavimətini minimuma endirmək üçün nəzərdə tutulub.

Avtomobilin ön hissəsində üç aktiv soyutma qapağı yerləşdirilib. Bu qapaqlar beş fərqli rejimdə işləyə bilir və yalnız ehtiyac yarandıqda hava axınının qarşısını açır. Hamısı bağlı olduqda isə avtomobilin aerodinamik müqavimət əmsalı 0,158 təşkil edir.

Kuzovun ön proyeksiya sahəsi də olduqca kiçikdir: cəmi 2,08 kvadratmetr. Volkswagen həmçinin təkərlərin ətrafında yaranan hava burulğanlarını azaltmaq üçün xüsusi deflektorlar və aerodinamik yan divarlara malik Continental şinlərdən istifadə edib.

Bir doldurma ilə 1.278 kilometrlik sınaq

Mission Efficiency-nin ən diqqətçəkən nəticəsi uzun məsafəli sınaq zamanı qeydə alınıb. Volkswagen avtomobili yürüyüşə Almaniyanın Volfsburq şəhərindən başlayıb, Polşanın Poznan və Çexiyanın Olomouts şəhərlərindən keçərək Avstriyanın Vyana şəhərinə yollanıb.

Bu marşrutun ümumi uzunluğu 1.278,36 kilometr təşkil edib. Avtomobil yol boyunca yalnız bir dəfə enerji doldurub və Vyanaya çatdıqda batareyada hələ 164 kilometrlik yürüş ehtiyatı qalıb.

Sınaq zamanı orta sürət 67,72 km/saat, maksimal sürət isə 138 km/saat olub. Doldurma itkiləri də nəzərə alındıqda sərfiyyat 100 kilometrə 7,51 kilovat/saat, itkilər çıxıldıqda isə 6,89 kilovat/saat olub.

Volkswagen-in məlumatına görə, bu nəticələr müəyyən şəraitdə avtomobilin nəzəri yürüş ehtiyatının 1.400 kilometrdən çox ola biləcəyini göstərir. Bununla belə, bu rəqəm real gündəlik istifadə üçün rəsmi yürüş göstəricisi deyil və xüsusi sınaq şəraitinə aiddir.

Sadə texnika, maksimum səmərəlilik

Mission Efficiency tamamilə yeni və ekzotik elektrik sistemi ilə təchiz olunmayıb. Konsept MEB+ platforması üzərində qurulub və Volkswagen ID. Polo modelində istifadə edilən elektrik mühərriki olan eyni qurğuya malikdir.

Arxa deyil, ön ötürməli avtomobildə 135 at gücünə və 264 Nm fırlanma anına malik APP290 daimi maqnitli sinxron mühərrik quraşdırılıb. Mühərrikin çəkisi cəmi 75 kiloqramdır və o, birpilləli transmissiya ilə birləşdirilib.

Enerji mənbəyi isə 54,9 kilovat/saatlıq NMC batareyasıdır. Rekord sınağı üçün Volkswagen proqram təminatı vasitəsilə batareyanın istifadə edilə bilən tutumunu müvəqqəti olaraq 2,9 kilovat/saat artırıb. Şirkət bildirir ki, seriya avtomobillərində batareyanın uzunömürlülüyünü qorumaq üçün müəyyən enerji ehtiyatı istifadə olunmamış saxlanılır.

Avtomobilin SC (sabit cərəyanlı) sürətli doldurma gücü 105 kilovat, DC (dəyişən cərəyanlı) doldurma gücü isə 11 kilovat təşkil edir.

Günəş panelləri də kömək edir

Konseptin şüşə damına və arxa qapısına fotovoltaik panellər yerləşdirilib. Bu sistem batareyanı birbaşa doldurmur, əsasən avtomobilin elektrik avadanlıqlarını enerji ilə təmin edir.

İdeal hava və günəş şəraitində panellər gündəlik yürüş ehtiyatına maksimum 30 kilometr əlavə edə bilər. Təbii ki, bu göstərici mövsümdən, yerləşdiyi ərazidən və hava şəraitindən asılı olaraq dəyişir.

Praktikliyə də diqqət yetirilib

Mission Efficiency yalnız rekord qırmaq üçün hazırlanmış iki nəfərlik eksperimental avtomobil deyil. Konsept 2+2 oturacaq quruluşuna, böyük arxa qapıya və 481 litr baqaj həcminə malikdir. Arxa oturacaqlar təxminən 1,60 metrə qədər boyu olan sərnişinlər üçün nəzərdə tutulub. Volkswagen hesab edir ki, avtomobil nəzəri olaraq gənc ailənin dörd üzvünü daşıya bilər.

Arxa oturacaqlar qatlandıqda uzunluğu 1,8 metrə çatan yük sahəsi yaranır. Bundan əlavə, arxa oturacaqların altında və arxa təkər tağlarının arxasında əlavə saxlanc bölmələri yerləşdirilib.

XL1-in elektrikli davamçısı

Mission Efficiency-nin dizaynını hazırlayanlar Volkswagen XL1 modelindən ilham alıblar. Avtomobilin uzunluğu 4.775 millimetr, eni -  1.744 millimetr, hündürlüyü isə cəmi 1.392 millimetr təşkil edir. Təkər bazası 2.700 millimetrdir.

Kuzovun arxa hissəsi “qayıq quyruğu” formasında daralır. Bu həll hava axınının kuzov boyunca mümkün qədər uzun müddət sabit qalmasına və arxa hissədən daha təmiz ayrılmasına kömək edir.

Volkswagen həmçinin ənənəvi yan güzgülərdən istifadə edib. Şirkətin sınaqları göstərib ki, kamera əsaslı güzgülər əlavə xərc və enerji sərfiyyatını tam əsaslandıracaq qədər böyük üstünlük yaratmır.

Minimalist salon və daha az çəki

Salonun hazırlanmasında da əsas prioritet çəkinin azaldılması olub. Ənənəvi multimedia ekranı əvəzinə sürücü öz smartfon və ya planşetini xüsusi rels üzərində yerləşdirə bilər. Cihaz avtomobilə simsiz qoşularaq multimedia funksiyalarını öz üzərinə götürür.

Avtomobildə sabit dinamiklər əvəzinə portativ Bluetooth səsgücləndiricidən istifadə olunur. Yüngül oturacaqlar, sadələşdirilmiş qapı panelləri və təkrar emal materialları da ümumi səmərəliliyə xidmət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen hələlik Mission Efficiency konseptinin seriya istehsalına başlanacağını açıqlamayıb. Buna görə də bu model hazırda daha çox elektromobillərin gələcəkdə nə qədər qənaətcil ola biləcəyini nümayiş etdirən texnoloji platforma kimi qiymətləndirilir.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.