BMW yeni nəsil 3 Series-i daxiliyanma mühərrikləri ilə də təqdim etməyə hazırlaşır. G50 indeksli model elektrikli i3 ilə eyni dövrün məhsulu olsa da, tam elektrikli modeldən fərqli olaraq daxiliyanma mühərriklərini qoruyacaq. Yeni 3 Series dörd və altı silindrli mühərriklər, həmçinin plug-in hibrid güc qurğuları ilə təklif ediləcək. İstehsalın 2026-cı ilin ikinci yarısında başlanması planlaşdırılır.

Yeni 3 Series vizual baxımdan BMW-nin Neue Klasse dizayn üslubunda görünüşə malik olacaq. Model elektrikli i3 ilə ümumi üslub xüsusiyyətlərini paylaşsa da, daxiliyanma mühərrikinin mövcudluğu onun proporsiyalarına təsir göstərib. Daha uzun kapot, daha uzun təkər bazası və daha geniş ön və arxa təkər izləri 3 Series-in klassik sedan xarakterini qoruyur.

BMW yeni modeldə sürüş dinamikasını da əsas prioritetlərdən biri kimi göstərir. Artıq qeyd olunduğu kimi, daha uzun təkər bazası, genişləndirilmiş təkər izləri, yenilənmiş sükan mexanizmi və təkmilləşdirilmiş əyləc sisteminə malik olan şassi yenidən işlənib. Ön tərəfdə ikiqollu, arxada isə beşqollu asqı konstruksiyasından istifadə olunur. Adaptiv və M asqı sistemləri də seçim kimi təqdim ediləcək.

Yeni 3 Series ailəsinin zirvəsində M350 xDrive dayanacaq. Model M340i versiyasının yerini tutacaq və BMW-nin yeni adlandırma strategiyasına uyğun olaraq benzin mühərrikli modeldə “i” indeksindən istifadə etməyəcək.

Kapotu altında 3,0-litrlik, altısilindrli TwinPower Turbo mühərrik yerləşir. 48 voltluq yumşaq hibrid sistemlə birlikdə ümumi hasilat 443 at gücü, maksimal fırlanma anı isə 580 Nm-ə çatır. Güc aqreqatı səkkizpilləli avtomatik transmissiya və xDrive tam ötürmə sistemi tandemdə çalışır.

Nəticə kifayət qədər iddialıdır: M350 xDrive 0-dan 100 km/saata 4,1 saniyəyə sürətlənir və maksimal sürəti elektron olaraq 250 km/saat həddində məhdudlaşdırılır. Model standart olaraq adaptiv M asqı, M Sport diferensialı və dəyişən ötürmə nisbəti olan idman sükan mexanizmi ilə təchiz ediləcək.

M350 xDrive-ın ən diqqətçəkən yeniliklərindən biri Drift Moment funksiyasıdır. Sistem aktivləşdirildikdə mühərrikin gücü tamamilə arxa təkərlərə yönləndirilir və sürücüyə arxa oxu istədiyi şəkildə sürüşdürməyə imkanı verir.

Funksiya 2027-ci il ərzində proqram yeniləməsi vasitəsilə aktivləşdiriləcək. Maraqlısı odur ki, artıq satılmış avtomobillər də Remote Software Upgrade vasitəsilə bu imkan əldə edə biləcəklər.

M350 ailənin yeganə altısilindrli versiyası olacaq. Eni zamanda, dördsilindrli benzin mühərrikləri və 48 Voltluq yumşaq hibrid texnologiyası ilə təchiz edilmiş versiyaların buraxılacağı da gözlənilir. Çeşiddə plagin hibrid variantları da olacaq. BMW bu versiyaların texniki göstəricilərini hələlik tam açıqlamayıb.

BMW 3 Series-in tam elektrikli i3 ilə yanaşı, daxiliyanma mühərrikli versiyalarını da qorumaqla keçid dövrünü mümkün qədər çevik qurur. Üstəlik, yeni nəsil M3 də benzin mühərriki ilə yoluna davam edəcək. M3-də altısilindrli S58 mühərriki yumşaq hibrid sistemi əldə ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

AUTOGRAPH NOTE

Beləliklə, yeni 3 Series BMW üçün sadəcə növbəti nəsil deyil. Bu, markanın elektrikli gələcəklə daxiliyanma mühərrikli keçmişi arasında yaratdığı körpüdür. Ən maraqlısı odur ki, BMW bu körpüdə sürücülük həzzinə əvvəlki qədər yer saxlayır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.