BMW səkkizinci nəsil 3 Series modelini təqdim edib. G50 daxili kodunu daşıyan yeni sedan Neue Klasse dizayn üslubunu, tamamilə yenilənmiş salonu və daha güclü M Performance versiyasını bir araya gətirir. Modelin əsas xüsusiyyətlərindən biri isə 3 Series tarixində ilk dəfə M Performance versiyasında drift rejiminin təklif edilməsidir.
Yeni 3 Series görünüş baxımından i3 elektrik modelinə yaxın olsa da, iki avtomobil arasında mühüm fərqlər var. Daxiliyanma mühərrikinin yerləşdirilməsi üçün ön hissə bir qədər uzadılıb, kuzovun ön çıxıntıları isə fərqli formadadır.
Yeni modelin uzunluğu 4765, eni - 1850, hündürlüyü - 1455, təkər bazası isə 2860 millimetrdir. Müqayisə üçün, əvvəlki G20 3 Series-in uzunluğu 4713, təkər bazası isə 2851 millimetr idi. Avtomobil 18, 19 və 20 düymlük təkər diskləri ilə təklif olunacaq.
ABŞ bazarında 3 Series 330, 330 xDrive və M350 xDrive versiyalarında satışa çıxarılacaq. 330 modeli 255 at gücü və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərriklə təchiz olunub. Mühərrik səkkizpilləli avtomatik transmissiya ilə birləşdirilir və arxa və ya tam ötürmə sistemi ilə təklif edilir.
M350 xDrive isə yeni nəsil 3,0-litrlik sıralı altısilindrli turbomühərrikə sahibdir. Yumşaq hibrid sistemi ilə çalışan aqreqat 443 at gücü və 580 Nm fırlanma anı hasil edir. Sedan 0-dan 100 km/saata 4,1 saniyəyə sürətlənir, maksimal sürəti isə elektron olaraq 250 km/saat həddində məhdudlaşdırılıb.
M350 xDrive-ın ən maraqlı yeniliklərindən biri “Drift Moment” funksiyasıdır. Düymə vasitəsilə aktivləşdirilən sistem müəyyən şəraitdə ön oxu ötürmədən ayıraraq gücün arxa təkərlərə yönəlməsinə imkan verir. Beləliklə, sürücü avtomobilin arxa hissəsini sürüşdürə bilər. Bu funksiya BMW-nin M Performance modellərində ilk dəfə tətbiq olunur.
Yeni 3 Series üçün adaptiv asqı və daha idman xarakterli adaptiv M asqısı da təklif ediləcək. Sonuncu M350 xDrive modelində standart avadanlığa daxildir. Avtomobilin əsas konstruksiyasında isə əvvəlki nəsildən tanış olan ikiqollu ön və beşqollu arxa asqı sxemi saxlanılıb.
BMW yeni 3 Series üçün başlanğıcda 318 və 320 versiyalarını da təklif edəcək. Hər iki model 2,0-litrlik dördsilindrli yumşaq hibrid mühərriklə təchiz olunacaq. 318 versiyası 156 at gücü və 250 Nm, 320 isə 211 at gücü və 330 Nm hasil edir. Hər iki avtomobil arxa ötürmə və səkkizpilləli avtomatik transmissiya ilə təklif ediləcək.
Diqqətçəkən məqam isə yeni nəsil 3 Series-də dizel mühərrikinin olmamasıdır. BMW ilkin mərhələdə heç bir dizel versiyasını təqdim etməyəcək və şirkət nümayəndələri belə mühərrikin sonradan güc aqreqatları çeşidinə əlavə olunacağı barədə də konkret məlumat verməyiblər. 2027-ci il ərzində isə model çeşidinə plagin hibrid versiyasının qoşulması gözlənilir.
Salon tamamilə yeni dizayna və Neue Klasse modellərindən tanış olan texnologiyalara malikdir. Əsas yenilik BMW Panoramic iDrive sistemidir. Bu sistem ön şüşənin aşağı hissəsi boyunca məlumatları əks etdirən Panoramic Vision, opsional 3D Head-Up Display, 17,9-düymlük mərkəzi ekran və yeni multifunksional sükan çarxından ibarətdir.
Mərkəzi ekran sürücüyə tərəf yüngül bucaq altında yerləşdirilib və sensorludur. BMW həmçinin səs səviyyəsi və transmissiyanın idarə edilməsi kimi bəzi funksiyalar üçün fiziki düymələri qoruyub. Simsiz Apple CarPlay və Android Auto dəstəyi standart avadanlığa daxildir.
Yeni sedan BMW Operating System X əməliyyat sistemi ilə işləyir. BMW Intelligent Personal Assistant isə Amazon Alexa+ əsasında generativ süni intellekt imkanları əldə edir. Bundan başqa, avtomobilin sürücüyə yardım sistemləri də yenilənib və müəyyən şəraitdə 130 km/saata qədər sürətdə sürücünün əllərini sükandan çəkməsinə imkan verən funksiyalar təqdim olunacaq.
Bağaj bölməsinin həcmi 450 litr təşkil edir. Bu göstərici BMW i3-dən 30 litr çox, əvvəlki 3 Series-dən isə 30 litr azdır. Arxa oturacaqlar bütün versiyalarda 40:20:40 nisbətində qatlanır.
Yeni BMW 3 Series-in Almaniyada qiyməti 318 versiyası üçün 49 900 avrodan, 320 üçün isə 54 900 avrodan başlayır. M350 xDrive versiyası ən azı 80 900 avroya başa gələcək. Avtomobillərə sifarişlər artıq qəbul edilir, ilk tədarüklərin isə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır.
AUTOGRAPH NOTE
Yeni BMW 3 Series-də diqqət çəkən əsas məqam yalnız Neue Klasse dizaynına keçid deyil. BMW bir tərəfdən dizel mühərrikindən imtina edərək model ailəsini elektrikləşməyə doğru aparır, digər tərəfdən isə M350 xDrive-da 443 at gücü və ilk dəfə drift rejimi təqdim etməklə 3 Series-in sürüş xarakterini qorumağa çalışır. G50-nin gələcək M3 versiyası isə bu texniki xəttin hara qədər inkişaf edə biləcəyi ilə bağlı ayrıca maraq doğurur.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.












