Citroen şirkətinə məxsus olan DS Automobiles markası mart ayının ilk günlərində işinə başlayacaq beynəlxalq Cenevrə avtomobil sərgisində E-Tence adlı konseptual kupeni nümayiş etdirəcəkdir. Fransız istehsalçı konsept avtomobilinin cizgiləri təsvir edilmiş tizeri də yayınlamışdır. Adından göründüyü kimi, prototip, fransız markasının elektrik və ya hibrid güc aqreqatı ilə təchiz edilmiş premium kupe avtomobillərinin necə görünəcəkləri barədə təssəvvür yaratmaq missiyasını həyata keçirməlidir.
Çox güman ki, yeni konsept 2014-cü ildə Paris avtosalonunda nümayiş etdirilmiş Citroen DS Divine prototipi ilə müəyyən dizayn elementlərini paylaşacaqdır. Fransız istehsalçı avtomobil haqqında daha ətraflı məlumat verməkdən imtina etmişdir. Bir müddət əvvəl, DS Automobiles bölməsinin rəhbəri Erik Apod yaxın zamanlarda DS markasının model cərgəsinin hiss olunacaq dərəcədə genişləndiriləcəyini bildirmişdir. Əsasən, fransızlar, tərkibinə «bərkgedən» avtomobillər daxil olan DS Performance ailəsini yaratmaq fikrindədirlər.
Bundan başqa, DS Automobiles Mini Countryman avtomobilinə rəqib olacaq yığcam krossoveri də buraxmaq niyyətindədirlər. 2018-ci ildə isə, Mercedes-Benz CLA modeli ilə rəqabət aparacaq kupe formalı sedanın da istehsal ediləcəyi məlumdur. Nəhayət, fransızlar Citroen C6 modelini əvəz edəcək flaqman modelini də təqdim etməyi planlaşdırırlar.