Citroen şirkətinin premium sub-brend olan DS Automobiles markası 7 indeksli (əvvəllər bu model 7 Crossback adlanırdı) yenilənmiş krossoveri təqdim edib. Model Aero Sport Lounge konsepti və son DS 4 üslubunda yeni dizayna sahib olub, habelə fəaliyyət məsafəsi 380 metrə qədər artırılmış DS Pixel Led Vision 3.0 matrisa fənərlərini əldə edib. DS 7 modelinin rəqibləri “alman üçlüyünün” yığcam krossoverləri - BMW X1, Mercedes-Benz GLA və Audi Q3 modelləridir.
Əsas yeniliklər arsında ölçüləri böyüdülmüş radiator barmaqlığı, firma DS Light Veil gündüz hərəkət işıqları, yeni dizaynlı 19 - 21 düymlük təkər diskləri və yeni baqaj qapağı var. Yeni qapıdakı DS Automobiles yazısı əvvəlki Crossback yazısını əvəz edib. Yuxarıda göstərilənlərə əlavə olaraq, DS 7 modelində xrom dekordan imtina edilib.
Salonda tərtibatın keyfiyyəti yaxşılaşıb (nappa dərisi və alkantara), multimedia sistemi yeni interfeysə sahib olub, ekran ölçüsü isə dəyişməz qalıb və 12 düymdür.
Modelin avadanlıq siyahısına DS Night Vision gecə görmə sistemi, yol şəraitinə avtomatik uyğunlaşan aktiv DS Active Scan Suspension asqısı,ikinci səviyyə avtonomluğu təmin edən DS Drive Assist sistemi(adaptiv kruiz-kontrol və avtomobili hərəkət zolağında saxlama sistemi) və DS Driver Attention Monitoring sistemi daxildir. Sonuncu iki kameranın köməkliyi ilə sürücünün vəziyyətinə nəzarət edir.
Avropada DS 7 modeli üç hibrid versiyada əlçatandır və onların hamısı plagin hibriddir. Ön ötürməli DS 7 E-Tense 225 modifikasiyası 180 at qüvvəli turbomühərrik və 110 at qüvvəli elektrik mühərriki ilə təchiz edilib.
Tam ötürməli iki versiya var: DS 7 E-Tense 4x4 300 və DS 7 E-Tense 360. Artıq anladığınız kimi, indeksdəki rəqəmlər hibrid qurğuların gücünü göstərir.
DS 7 E-Tense 360 versiyası DS Performance bölümü tərəfindən hazırlanıb və güclü qurğu ilə yanaşı, 21-düymlük Brooklyn təkər diskləri və 380-millimetrlik ön əyləc diskləri, habelə azaldılmış kliresni olan yenidən tənzimlənmiş asqı ilə öyünə bilər. Belə krossover 100 km/saata 5,6 saniyəyə sürətlənir.
Versiyadan asılı olmayaraq, hibridlər 14,2 kilovat-saatlıq batareyalar ilə təchiz edilir. Batareyanın enerjisi sırf elektrik ötürməsi ilə 65-81 kilometr(hərəkət şəraitindən asılı olaraq) məsafə qət etmək üçün kifayət etməlidir.
Elektrikləşdirilməmiş modifikasiyalar da var: bunlar 130 at qüvvəli BlueHDi turbodizeli, habelə 130, 215 və ya 225 at qüvvəsi hasil edən PereTech benzin mühərrikləri ilə təchiz edilmiş versiyalardır.
DS 7 Crossback 2017-ci ildə debüt edib, ona görə də, bu feyslift onun üçün bir ilkdir. Modelin istehsalı Fransanın Müluz şəhərindəki zavodun müəssisələrində təşkil olunub.Bir sıra ölkələrdə artıq DS 7 krossoverinə sifarişlər qəbul olunur. Yenilənmiş modelin satışlarına sentyabr ayında başlanacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.