Nə hikmətdirsə, PSA Peugeot Citroen konserninə daxil olan markaların ulduzu bizimlə heç barışmır. Bir neçə dəfə cəhd olsa da, sonunda «zorla məhəbbət olmaz» deyən firənglər Azərbaycanı məyus şəkildə tərk etməli olublar. Bu imic zəhrimar ki var ha, bunu bir dəfə ləkələdin, nə illah etsən də, ömrü boyu təmizləyə bilməzsən.
Azərbaycandan fərqli olaraq, Çində firənglərin işləri yağ kimi gedir. Məsələn, təkcə DS markası keçən il Çində 3987 ədəd avtomobil satıb. İndi iş o yerə çatıb ki, DS markası özünün yeni bayraqdarı olan DS 9 sedanını məhz Çində təqdim etmək qərarına gəlib. Çinlilərin Lexus ES və Volvo S90 modellərinin rəqibi hesab etdikləri avtomobil Quançjouda keçiriləcək sərgidə geniş kütlə qarşısına çıxacaqdır. Bu əlamətdar hadisə 22 noyabrda baş tutmalıdır.
Məlum məsələdir ki, Çin bazarında satılan hər bir model sertifikasiyadan keçməlidir. Çinin sertifikasiya orqanları isə, hər zaman yerli KİV-ləri lazımi məlumatlarla təmin etməyə pərgardılar. Bu misraları yazarkən, eyni zamanda, çinli həmkarlarıma qibtə edirəm. Bir bizim nə zülmlər çəkdiklərimizi bir bilsələr…
Yerli KİV-lərin bildirdiyinə görə, DS 9 modelinin qabarit uzunluğu 4933 mm təşkil edir. Bu Lexus ES modelində olduğundan 42 mm, Volvo S90 modelindən isə 30 mm qısadır. Texniki cəhətdən yeni bayraqdar PSA konserninin digər avtomobilinə - uzunbazalı Peugeot 508L modelinə bənzər olacaqdır. Bu isə, DS 9 modelinin mühərrik çeşidinə 200 at qüvvəli 1,6-litrlik turbomühərrikin və onun əsasında yaradılmış hibrid güc qurğusunun daxil olacağından xəbər verir.
Məndən bu qədər. Bilirəm ki, onsuz da sizdən nə Peugeot, nə Citroen, nə də DS alan çıxar. Yenə də, dünyadan bixəbər olmaq yaxşı iş deyil - birdən soruşub edən olsa, biabır olmayasınız…