17 illik fasilədən sonra DTM avtomobilləri yenidən Zolder avtodromuna qayıdıblar. Cümə günü keçirilmiş birinci sərbəst yürüşlərdə ən yeyin pilot Audi komandasının alman pilotu Rene Rast olub. Rast Zolderdəki dövrəni 1.22,941 zamanla başa vurub.
İkinci nəticəni göstərmiş BMW komandasının pilotu Marko Vittmann liderdən 0,790 saniyə geridə qalıb. Səhər tezdən yağan yağış asfaltı islatsa da, sonradan trek qurumağa başlayıb. Belə şəraitdə Robin Friyns (Audi) Filipp Enqi qabaqlayaraq üçüncü nəticəni göstərib. İlk beşliyi Jonatan Aberdin (Audi) tamamlayıb.
Sonrakı yerləri Pyetro Fittipaldi, Niko Müller (hər ikisi - Audi), Ceyk Dennis, Daniel Xunkadelya (hər ikisi - Aston-Martin) və Loik Dyüval (Audi) tutublar.
«Çox maraqlı trekdir, - ilk dəfə Belçikadakı avtodromda dövrələr vuran Rene Rast bildirib. - Əvvəlcə asfalt yaş idi, sonra isə tədricən qurumağa başladı. Bu səbəbdən də biz iki hissədən ibarət olan sessiyanı keçirdik. Yaş asfalt çox sürüşkən idi, lakin trek quruduqdan sonra ilişmə yaxşılaşdı. Nəticələr hələlik heç nədən xəbər verməsə də, yaxşı başlanğıc etdik».
«Hələlik bir şey söyləmək mümkün deyil. Sessiya mürəkkəb şəraitdə keçdi. Biz yaş yolda başladıq, sonra isə hər kəs kimi şinləri dəyişdik. Trek mürəkkəb olsa da, avtomobili idarə etmək insana həzz bəxş edir», - Marko Vittmann əlavə edib.