Bu gün keçirilmiş ikinci sərbəst yürüşlərdə Audi komandasının pilotları yüksək nəticələr göstərməyə müvəffəq olmuşdurlar. Günün ən yaxşı nəticəsini Audi Sport Team Abt komandasının alman pilotu Niko Müller öz hesabına yazmışdır. 1:33,861 vaxtını göstərən alman pilot komanda yoldaşı Mayk Rokkenfelleri 0,075 saniyə üstələyə bilmişdir. Günün üçüncü vaxtı Audi Sport Team Abt Sportsline komandasının isveç pilotu Mattias Ekstermdən gəlmişdir. O, liderdən 0,229 saniyə geridə qalmışdır.
Sonrakı üç yeri də İnqolştat konserninin pilotları olan Timo Şayder, Ceymi Qrin və birinci sərbəst yürüşlərin lideri olan Edoardo Mortara tutmuşdurlar. Audi RS5 DTM avtomobilində çıxış edən uğursuz pilotlar 14-cü nəticəni göstərən Ədrien Tambe və 23-cü yerdə sərbəst yürüşləri başa vurmuş Miqel Molina olmuşdurlar.
Audi pilotlarından sonra yeddinci və səkkizinci yerlərin sahibləri Mercedes-Benz komandasının pilotları Robert Uikkens və Gəri Paffett olmuşdurlar. Onları BMW Team MTEK komandasının kanadalı pilotu Bruno Spenqler təqib etmişdir. İlk onluğu isə BWT Mercedes-AMG komandasının pilotu Lukas Auer tamamlamışdır.
Bu arada çempionatın təşkilatçıları maraqlı bir yenilik də tətbiq etmişdirlər. Belə ki, avtomobillərin arxa pəncərəsində quraşdırılmış xüsusi elektron tabloda pilotun sıralamada əldə etdiyi yer işıqlandırılır.
Artıq trekdə olan avtomobillərin hansı yerdə hərəkət etdiyi tamaşaçılara anında çatdırılmış olur. Xatırladırıq ki, mövsümün ilk poulunun sahibinin adını müyyən edəcək sənbə günün sıralama turlarının başlanmasına dəqiqələr qalır.