Mövsümün bu gün keçirilən ikinci sıralama turlarında poul-pozişnı Mercedes-Benz komandasının şotlandiyalı pilotu Pol di Resta (Mercedes-AMG C63 DTM) əldə etdi. Şotlandiyalı pilot dövrəni 1:34,060 zamanla başa vuraraq, səhər keçirilən sərbəst yürüşlərdə olan sürətini bir daha təsdiqləmiş oldu. Sıralama turlarında ikinci olan Auqusto Farfus (Shell BMW M4 DTM) liderdən cəmi 0,126 saniyə geridə qalmışdır. Bu günki yarışı start düzlüyündə üçüncü yerdən başlayacaq pilot isə, digər bir Mercedes pilotu Gəri Paffett (EURONİCS Mercedes-AMG C63 DTM) olacaqdır.
Bu gün keçirilən sıralama turlarında BMW komandası ilk onluğa tam tərkibdə daxil ola bilmişdir. Auqusto Farfusdan savayı ilk onluqda, dördüncü yerə sahib olmuş Maksim Martin (SAMSUNG BMW M4 DTM), altıncı yerdən start alacaq Timo Qlok (DEUTSCHE POST BMW M4 DTM) və səkkizinci yerdən başlayaraq onuncu yerə qədər mövqeləri zəbt etmiş Tom Blomkvist (Ice-Watch BMW M4 DTM), Marko Vittmann (Red Bull BMW M4 DTM), Antonio Feliks da Costa (BMW M4 DTM) təmsil olunurlar.
İlk onluğa daxil olan Mercedes pilotlarının arasında Robert Uikkens (SILBERPFEIL Energy Mercedes-AMG C63 DTM) və bu ilki mövsümün debütantı Esteban Okon (FREE MEN’S WORLD Mercedes-AMG C63 DTM) da vardır. Onlar bu günki yarışda müvafiq olaraq beşinci və yeddinci yerdən start alacaqdırlar.
Çox maraqlıdır ki, səhər keçirilən sərbəst yürüşlərdə yüksək sürət göstərmiş Audi komandasının pilotları birinci onluğa daxil ola bilmədilər. İnqolştat konserninin avtomobillərində çıxış edən pilotların ən sürətlisi Ceymi Qrin (Hoffmann Group Audi RS5 DTM) olmuşdur ki, britaniyalı liderdən 0,391 saniyə geridə qalaraq ancaq on birinci olmağı bacarmışdır.
Pol di Resta (1-ci yer, Mercedes-Benz): «Biz bu həftə sonu çox sürətliyik və bu qış tətilləri zamanı görüdüyümüş işlərin nəticədir. Biz Hokkenhayma çox güclü tənzimləmələr dəstilə gəlmişik. Çalışıram ki, uğurlu çıxış edim və avtomobilim mənə maksimal nəticəni əldə etməyə tam imkan verir.
Komanda həqiqətən də əla işləyir. İnanılmazdır, amma onlar bir gün ərzində sürətlər qutusunu yenidən yığmağı bacardılar. Onlar fantastik iş görüblər və böyük təşəkkürə layiqdirlər. dünənə nisbətən bu gün əla mövqedən start alacağam. Məqsədim bu yarışda yaxşı nəticə əldə etməkdir».
Auqusto Farfus (2-ci yer, BMW): «Mən həqiqətən də xoşbəxtəm - ilk sıradan start almaq fantastik bir şeydir. Dünəndən bu günə biz avtomobil üzərində ciddi çalışaraq onu yaxşılaşdıra bilmişik. Belə yaxşı nəticəyə həm də çəki handikapı sayəsində nail olmuşuq. Bu baxımdan Audi pilotlarına bir qədər çətin olacaq. İndi mən yaxşı start alaraq yarışda yaxşı nəticə əldə etmək istəyirəm. Ümid edirəm ki, bu dəfə məni arxadan vuran olmayacaq».
Gəri Paffett (3-cü yer, Mercedes-Benz): «Biz dünən də bu trekdə sürətliydik və bu gün də daha yaxşı mövqedə durmalıydıq. Lakin axırıncı dövrəm o qədər də gözəl alınmadı. Sektorlar üzrə vaxtlara baxdıqda poul-pozişndə olacağımdan şübhə etmirdim. İstənilən halda mən üçüncü yerə də şadam. Bu mövqedən yarışı qələbə ilə başa vurmaq şansı mövcuddur. Ümid edirəm ki, bu günki yarışım dünənkinə nisbətən daha rahat keçəcəkdir».