Artıq DTM çempionatının yeni mövsümünün ilk mərhələsinin başlanmasına sayılı saatlar qalmışdır. Ənənəyə uyğun olaraq, mövsümün ilk yarışı məşhur Hockenheimring trekində keçirilir. Yarış həftəsinin ilk sərbəst yürüşləri də artıq geridə qalmışdır. Dünən keçirilmiş ilk sərbəst yürüşlərdə Audi Sport Team Sportsline komandasının italyan pilotu Edoardo Mortara 1:34,217 vaxtla günün ən sürətli yarışçısı olmuşdur. İtalyan pilotun arxasınca ikinci yeri Mortaraya 0,490 saniyə uduzmuş Audi Team Rosberg komandasının britaniyalı pilotu Ceymi Qrin tutmuşdur.
İlk üçlüyü BMW Team MTEK komandasının kanadalı pilotu, keçmiş dünya çempionu Bruno Spenqler tamamlamışdır. Kanadalı pilot Mortaradan 0,565 saniyə geridə qalmışdır.
İlk beşlikdə, Spenqlerin arxasınca Audi pilotları Matias Estrem və Niko Müller yerləşmişdirlər. Altıncı yeri digər bir BMW M4 DTM pilotu braziliyalı Auqusto Farfus öz hesabına yazmışdır.
Mercedes-AMG C63 DTM avtomobilində çıxış edən pilotlardan ən yaxşı nəticə göstərmiş yarışçı isə ispaniyalı Daniel Xunkadelya olmuşdur. İspan pilotun göstərdiyi vaxt yeddinci olmağa kifayət etmişdir.
İlk onluğu Tom Blomkvist, Timo Şayder və Pol di Resta tamamlamışdırlar.
Mercedes-Benz komandasının debütantı olan və keçən ilin çempionunu Paskal Verlyaynın yerinə keçən Esteban Okon ancaq 21-ci nəticəni göstərə bilmişdir. O, günün ən yaxşı nəticəsinə 1,516 saniyə uduzmuşdur.
Bununla belə, debütant daha təcrübəli rəqibləri olan Miqel Molinanı, Maksimillian Getzi və Maksim Marteni üstələyə bilmişdir. Mövsümün ilk poulunun sahibini və ilk yarışının qalibini müəyyən edəcək sırlama turları və yarışı bu gün keçiriləcəkdir.
Sərbəst yürüşlərin nəticələri