DTM çempionatının yeni mövsümünün Hockenheimring trekində keçirilən ilk mərhələsinin birinci yarışının qalibinin adı müəyyən oldu. Audi komandasının italyan pilotu Edoardo Mortara günün sonunda podiumun ilk pilləsinə çıxan yarrışçı oldu. Podiumun ikinci pilləsinə Mercedes-AMG DTM Team HWA komandasının gənc pilotu Robert Uikkens qalxmış oldu. Podiumun son pilləsinə qalxan pilot isə, Mortaranın komanda yoldaşı və bu günki poulun sahibi Niko Müller oldu. Beləliklə, mövsümü qələbə ilə başlayan Edoardo Mortara DTM çempionatındakı karyerasında beşinci qələbəsini əldə etmiş oldu.
Yarış startdan başlayaraq damalı bayrağa qədər üç alman markasını təmsil edən komandaların pilotlarının gərgin mübarizəsi ilə yadda qaldı. Qırmızı işıqların sönməsidən sonra uğurlu start alan Mortara Mülleri keçərək liderliyi ələ keçirməyi bacardı. Bununla belə, ilk anlarda güclü start alan pilotdan biri Mercedes-Benz komandasının kanadalı pilotu Robert Uikkens oldu. Mülleri geridə qoyan Robert bəlkə də Mortara olmasaydı liderliyi də ələ keçirmək şansına malik idi. Lakin, təcrübəli italyan pilot raket kimi yerindən fırlamış kanadalının qarşısını vaxtında ala bildi və komanda yoldaşı Müllerə ikinci yeri qorumasında yardım etdi.
Digər Audi pilotu Ceymi Qrin (Hoffmann Group Audi RS5 DTM) də uğurlu start alan pilotların sırasında idi. İlk döngədə Uikkensi (SİLBERPFEİL Energy Mercedes-AMG C63 DTM) haqlayıb keçən britaniyalı sonradan üçüncü yeri kanadalıya geri qaytarmalı oldu və stadion bölümündə Marko Vittmann (Red Bull BMW M4 DTM) və Kristian Fitorisin (BWT Mercedes-AMG C63 DTM) «köməkliyi» ilə çınqıllığa «səyahət» etmək məcburiyyətində qaldı.
Trekdən kənara çıxma britaniyalını arxa sıralara atdı. Peletonun ilk sıralarında vəziyyət stabil olsada, onun ortalarında gərgin mübarizə gedirdi. Bu sərt mübarizənin ilk qurbanları Timo Qlok (Deutsche Post BMW M4 DTM) və Daniel Xunkadelya (UBFS Invest Mercedes-AMG C63 DTM) oldu - hər iki pilot toqquşaraq trekdən çıxdılar və yarışı tərk etmək məcburiyyətində qaldılar.
Ümumiyyətlə, yarış çoxlu sayda qəzalarla yadda qaldı - yerində fırlanan Tom Blomkvistin (Ice-Watch BMW M4 DTM) avtomobili ilə toqquşan Ədrien Tambenin (speedweek.com Audi RS5 DTM) avtomobilinin arxa hissəsi parça-parça oldu. Bu arada Müllerə hücum edən Uikkens onu keçərək ikinci yerə yüksəlmiş oldu.
Bununla belə, günün ən amansız mübarizəsi Mattias Ekstremin (Red Bull Audi RS5 DTM) və Gəri Paffettlə (EURONİCS Mercedes-AMG C63 DTM) apardığı mübarizə oldu. Mübarizənin nə dərəcədə sərt olduğundan Gəri Paffettin avtomobilinin pis hala düşmüş kuzovu xəbər verirdi.
Liderliyi ilk dövrədən ələ keçirmiş Edoardo Mortara inamlı şəkildə yarışı başa vuraraq Audi komandasına bu mövsümdəki ilk qələbəsini qazandırdı. Niko Müller Robert Uikkensə keçildikdən sonra kanadalıya hücum etmək imkanına malik olmadı və onun ardıca yarışı üçüncü tamamlamalı oldu.
Sıralama turlarında Audi pilotlarına qaşı müqavimət göstərməyə imkanı olmayan Mercedes və BMW pilotları yarışda İnqolştat təmsilçilərinə qarşı layiqincə mübarizə apara bildilər. Nəticədə ilk onluqda dörd Audi pilotu ilə bərabər üç Mercedes və üç BMW pilotu yer ala bildi.
Birinci yarışdan sonra pilotlar çempionatına 25 xalla Edoardo Mortara başçılıq edir. Onu 18 xalla Robert Uikkens və 15 xalla Niko Müller təqib edirlər. Dördüncü yeri 12 xalla Pol di Resta, beşinci yeri - 10 xalla Kristian Fitoris, altıncı yeri isə, 8 xalla Bruno Spenqler bölüşdürürlər. Sonrakı yerlərdə Antonio Feliks da Kosta (6 xal), Maksim Marten (4 xal), Mattias Ekstrem (2 xal) və Miqel Molina (1 xal) qərarlaşmışdırlar.
Komandalar çempionatına Audi Sport Team Abt Sportsline komandası 27 xalla liderlik edir. Onu 18 xalla SİLBERPFEİL Energy/UBFS İnverst Mercedes-AMG və 16 xalla Audi Sport Team Abt komandaları təqib edirlər. Dördüncü yeri 12 xalla Mercedes-AMG, beşinci yeri 10 xalla BWT Mercedes-AMG, altıncı yeri 8 xalla BMW Team MTEK, yeddici yeri 6 xalla BMW Team Scnitzer və səkkizinci yeri 4 xalla BMW Team RBM komandası tutur. Markalar üzrə yerlər belə bölünmüşdür: 1. Audi - 43 xal, 2. Mercedes-Benz - 40 xal, 3. BMW - 18 xal.
Hockenheimring trekində keçiriləcək ikinci yarış sabah bazar günü baş tutacaqdır.